31 yanvar 2017 14:45
297

Azərbaycanda güclü və fəal biznes sinfi formalaşıb

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısı bir daha bildirmişdir ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır

Ölkə Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu fikri böyük inam və qətiyyətlə ifadə etmişdir ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. Kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi isə 5 dəfə artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin edilib.

Təbii ki, bu inamı şərtləndirən amil qeyd olunduğu kimi, əvvəlki illərin uğurları və qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərdir: “Beləliklə, deyə bilərəm ki, birinci proqramdan sonra əsas infrastruktur layihələri icra edildi. Mən çox şadam ki, biz bunu qısa müddət ərzində etdik. Mən həmişə çalışırdım ki, biz bunları vaxt itirmədən edək. Çünki bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Bu bizim ölkəmizi böyük dərəcədə gücləndirmişdir, elə bir imkan yaratmışdır ki, bu gün Azərbaycanda istənilən sahəyə investisiya qoymaq istəyən qurumlar fəallaşır.”

Həyata keçirilən siyasətin önündə insan amilinin dayandığını hər bir çıxışında bildirən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, sosial islahatların təməlində güclü iqtisadiyyat dayanır. Cənab İlham Əliyev konfransda bildirmişdir ki, məqsədimiz Azərbaycan vətəndaşının daha da yaxşı yaşamasıdır: “Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur.”

Azərbaycanın 25 illik müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda iqtisadi imkanlarını genişləndirməklə yanaşı, iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyini aydın şəkildə görürük. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin icrası istiqamətində göstərdiyi səylər iqtisadi imkanlarının genişlənməsində stimuldur. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır və bunun nəticəsi olaraq ümumi daxili məhsulda özəl bölmənin payı 85 faizdən çox təşkil edir. Son 13 ildə bir milyon 500 mindən artıq yeni iş yeri açılıb. Ötən il yüz mindən çox daimi iş yeri yaradılıb.

Konfransda bu rəqəm də açıqlandı ki, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur: “Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik.” Qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sahələrin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilir. İqtisadiyyatın şaxələndirilməsi prioritet məsələ kimi öndədir. Bu məqsədlə yerli istehsalın inkişafı üçün zəruri addımlar atılır.

Bu reallıq inkaredilməzdir ki, məhz iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dünya ölkələrinin üzləşdiyi mürəkkəb problemlər fonunda Azərbaycanın dayanıqlı inkişafını, bütün sosial proqramların uğurlu icrasını təmin etmişdir. Məhz bu uğurlar Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumasını şərtləndirir: “2016-cı ildə gördüyümüz işlərə dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumu Azərbaycan ilə bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirmişdir. Beləliklə, ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşmışdır. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə, - bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir, - Azərbaycan birinci-ikinci yerləri bölüşür. Bax, budur, aparıcı beynəlxalq iqtisadi qurumların bizim işlərimizə verdikləri qiymət.”

Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur. Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, iqtisadi zonaların yaradılması ilə bağlı görülən işlərin davam etdirilməsi, sahibkarlığın inkişafına diqqətin artırılması, iqtisadiyyatın şaxələndirilməsi kimi çağırışlar sənayeləşmənin sürətləndirilməsinə  yönəlmiş islahatlardandır. Bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Son zamanlar sahibkarlara göstərilən diqqət və hüquqi bazanın möhkəmləndirilməsində məqsəd sənayenin inkişafını daha da intensivləşdirməkdir: “Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik.”

Sadalananlar bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanda güclü və fəal biznes sinfi formalaşıb. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlıdır.

Yeganə Əliyeva, “İki sahil”