01 fevral 2017 16:08
463

Ölkəmizə daha çox valyuta gələcək

Ölkəmizə daha çox valyuta gələcək, neftdən asılılıq azalacaq, sahibkarlıq inkişaf edəcək

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə  sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı İlham Əliyev prioritetləri açıqladı

“Əlbəttə, dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir.”

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi bu fikirlər aparılan təhlillər fonunda bu günümüzün reallıqlarına əsaslanır. 2004-cü ildən bu yana qət edilən yola qısa baxış keçirən cənab İlham Əliyev Azərbaycanın son on üç ildə dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətli inkişaf edən ölkə olduğunu rəqəmlər əsasında diqqətə çatdırır. İşsizlik probleminin həlli istiqamətində atılan addımların nəticəsidir ki, bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Maaşlar və pensiyalar artırılıb. Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi dövrdən bu fikri hər çıxışında bəyan edir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi də əldə etdiyi uğurlara, həyata keçirilən sosial-iqtisadi islahatlara əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə də təqdir olunur.

Dövlətimizin başçısı İlham Əliyev konfransda bildirmişdir ki, əsas hədəfimiz ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaqdır. Görüləcək tədbirlər hesabına on minlərlə yeni iş yeri yaradılacaq, işsizlik aşağı səviyyədə qalacaq. Azərbaycana daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq, sahibkarlıq inkişaf edəcək. Ölkə Prezidenti prioritetlərdən bəhs edərkən bu rəqəmi də açıqlamışdır ki, 2017-ci ildə ölkədə 42 min ictimai iş yeri açılacaq. Təbii ki, atılan addımların nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır.

Konfransda əsas diqqət göstərilən məsələlərdən biri də ərzaq təhlükəsizliyinin təminatı oldu. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi bu istiqamətdə işlərin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoymuşdur. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır. Ona görə də kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir.

Regionların potensialından səmərəli istifadəni vacib şərt kimi önə çəkən ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regional inkişaf proqramları qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir. Bildirilir ki, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir. Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq.”

Ən əsası gələcək planları gerçəkləşdirmək üçün ilk növbədə maliyyə intizamının olması əsas şərt kimi qeyd edilir. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini daha da sürətləndirir. Məhz bu şəffaflığın, eyni zamanda kompleks tədbirlərin nəticəsidir ki, bu gün paytaxt və bölgələr arasında fərq müəyyən mənada aradan götürülmüş, bölgələr arasında sağlam rəqabət aparılaraq, quruculuq, abadlıq işləri geniş vüsət alıb. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızda bu məqamı xüsusi qeyd etmişdir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq... Gələcəkdə daha da böyük işlər görüləcək.”

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsinin nəticəsidir ki, bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Ümumilikdə götürsək, Azərbaycan uğurlu sosial-iqtisadi islahatlara əsaslanaraq, Cənubi Qafqaz regionu iqtisadiyyatının 75 faizinə sahibdir. Azərbaycan dövlətinin apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi Davos İqtisadi Forumunun reytinqinə əsasən ölkəmiz iqtisadiyyatın rəqabətdavamlılığına görə ön yerlərdədir. “İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır. Lakin iqtisadiyyatı əsasən qeyri-enerji sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev neft-qaz gəlirlərinin iqtisadiyyatın real sektorlarına yönəldilməsini qarşıya qoyulan məqsədə çatmaq istiqamətində atılan addımlardan biri kimi qeyd edir. Ən prioritet sahələrdən biri kimi  aqrar sahənin inkişafına göstərilən diqqət və qayğı da diqqətçəkəndir. Atılan addımların nəticəsidir ki, Azərbaycan bu sahədə də Dünya Bankının hesabatlarında birinciliyini qoruyur. Qeyd edək ki,  son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Konfransda səsləndirilən rəqəmlərdən və prioritetlərdən də bu özünü qabarıq şəkildə büruzə verir. 2017-ci ildə 100-120 min hektarda pambıq əkiləcəyi və 200 min ton pambığın yığılması gözlənilir. Bu il 120 ton, 2019-cu ildə isə 1300 ton barama tədarük ediləcək. Baramaçılıq 37 rayonda inkişaf etdirilir. Fındıqçılıq 13 rayonda inkişaf etdirilir və fındıq bağlarının sahəsi 80 min hektara çatdırılacaq. Abşeron və Bakıətrafı qəsəbələrdə badam bağlarının salınması nəzərdə tutulur. Zeytunçuluğun inkişafı üçün əlavə tədbirlər görülür, yeni bağlar salınacaq.

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bildirir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir: “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq... Yəni özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.” Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, özümüzü bütün əsas ərzaq məhsullarımızla təmin edəcəyik.

Keçirilən hər bir tədbir, konfrans uğurlarımızın təhlilində, yeni vəzifələrin müəyyənləşdirilməsində əsasdır. İqtisadiyyatın şaxələndirilməsi qarşıya qoyulan mühüm vəzifədir. Konfransda dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “Mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək.”

Bütün bunların fonunda bu reallıq bir daha öz təsdiqini tapır ki, neftlə zəngin çox ölkələr var. Amma heç də onlara bu resurs xeyir gətirmir. Lakin Azərbaycanın öz inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən hazırlaması uğurların davamlılığını şərtləndirir.

Yeganə Əliyeva, “İki sahil”