02 fevral 2017 15:35
494

İdxaldan asılılıq azalır, ixrac potensialı artır

Dövlətimizin başçısı İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü  ilinin yekunlarına həsr olunan konfransda ötən dövrdə əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yönəldərək bildirmişdir ki,  görülən işlər, qazanılan uğurlar qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir: “Çünki biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli olsun.” Səsləndirilən rəqəmlərdən də aydın olduğu kimi, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün görülən tədbirlər davamlıdır. İqtisadiyyatın inkişafında neft-qaz amilinin rolunu daim önə çəkən dövlətimizin başçısı bu sahədə əldə olunan gəlirlərin düzgün idarə olunması sayəsində şaxələndirmənin vacibliyini yenə də prioritet məsələ kimi qarşıya qoydu.

Təbii ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Ölkə Prezidenti bu reallığı da diqqətə çatdırır ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq gözəl nəticələr verməkdədir. Ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollar təşkil edir. Valyuta ehtiyatlarımız artır. Xatırladaq ki, 2004-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdi.

Modernləşmə, yeniləşmə dövlətin siyasətində başlıca məsələdir. Daim vurğulandığı kimi, gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Cənab İlham Əliyev bildirir ki, dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Ölkə Prezidenti bu uğurların fonunda eyni zamanda bildirir ki, bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Kadr hazırlığını iqtisadi inkişafın səviyyəsinə uyğunlaşdırmaq günün əsas tələblərindəndir. Bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsində də ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadənin rolu inkaredilməzdir. Daim bu fikir vurğulanır ki, intellektual səviyyənin aşağı olduğu ölkə dayanıqlı inkişafa nail ola bilməz. XXI əsrin əsas çağırışlarından biri yeni texnologiyaların öyrənilməsi və tətbiqi, kadr hazırlığının iqtisadi tərəqqiyə uyğunlaşdırılmasıdır.

Son illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılmaqdadır. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı təminatı üçün atılan addımlar insanların yaşayış tərzini daha da yaxşılaşdırır. Ünvanlı sosial yardım proqramı icra edilir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Dövlətimizin başçısı İlham Əliyevin son Fərman və sərəncamları da bunun təsdiqidir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə işsizlik və yoxsulluq problemləri öz müsbət həllini tapır. Hazırda yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Bu proqnoz Beynəlxalq Valyuta Fondunun hesabatında da öz əksini tapır ki, Azərbaycanda iqtisadi inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanda yoxsulluq səviyyəsi heçə enəcək. Təbii ki, bu proqnoza əsas verən Azərbaycanın təkmil inkişaf strategiyasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial ədalət prinsipləri Azərbaycanda əsas rol oynayır.

Dövlətimizin başçısı İlham Əliyevin önə çəkdiyi reallıqlarımızdan biri də budur ki, Azərbaycan tərəfindən irəli sürülmüş layihələrin heç biri iflasa uğramayıb. Hər biri gözəl nəticələrlə sonuclanıb. Bu uğuru şərtləndirən digər amil birliyin, həmrəyliyin mövcudluğudur. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin birgə səyləri əsasında reallığa çevrildi. Bu gün adı çəkilən layihələr nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafının təmin olunmasında əsas rol oynayır. Bu fikir beynəlxalq maliyyə qurumlarının hesabatlarında da qeyd olunur ki, Azərbaycan BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Artıq çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edən addım kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. Ölkə Prezidenti konfransda bildirmişdir: “Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir... Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik.”  

Əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz kəmərlərindən geri qalmayan, yaxın zamanlarda istifadəsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşməsi istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. “Dəmir İpək yolu” adlandırılan bu layihə iştirakı ölkələrin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq.

Sözsüz ki, bu uğurların təməlində gələcəyə hesablanmış siyasət dayanır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda davamlı inkişafa xidmət edən Strateji yol xəritələrinin təsdiqlənməsi haqqında Sərəncam ölkəmizin əldə etdiyi uğurların növbəti illərdə daha da artmasını, qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını, xalqın sosial rifahının yaxşılaşmasını təmin edəcək, Azərbaycan daha güclü, qüdrətli, inkişaf etmiş dövlətə çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda  əsas diqqət göstərdiyi məsələlərdən biri məhz korrupsiya və rüşvətxorluğa qarşı mübarizə oldu: “Xoşagəlməz hallara son qoyulmalıdır. “ASAN xidmət”i biz yaratdıq, artıq neçə ildir ki, işləyir. Bir dənə də olsun oradan şikayət yoxdur. Hər halda mən eşitməmişəm. Bəyənmə əmsalı 98 faizdir. On üç milyon müraciət olunub. Bizim əhalimiz hələ 10 milyona çatmayıb, 13 milyon müraciət olub. Bu, ictimai xidmətlər sahəsində bir yenilikdir. Yəni, bu, nəyi göstərir? Birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Ona görə məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir.” Cənab İlham Əliyev hər çıxışında uğurlarımızın davamlılığında vacib amillərdən biri kimi vətəndaş-məmur münasibətlərini önə çəkib. “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır” söyləyən ölkə Prezidenti bildirmişdir: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar.”

 Cənab İlham Əliyev proqram xarakterli nitqində atılan addımların əsasında hansı məqsədlərin dayandığını bir daha diqqətə çatdırdı: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq... Bu real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.”

Yeganə Əliyeva, “İki sahil”