Ö lkə Prezidenti İlham Əliyev daim bu əsas məqamı da diqqətə çatdırır ki, hər bir ölkə öz müstəqilliyini qorumağa, öz seçimini müdafiə etməyə səy göstərməli, gələcəyi haqqında düşünməlidir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, siyasətində müstəqil olan dövlət davamlı inkişafını təmin edəcək təkmil islahatları həyata keçirmək gücündə, qüdrətindədir. Cənab İlham Əliyev bildirir: “Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bu gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.”
Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəmizdə hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfə çoxdur. Ermənistan rəsmiləri sərsəm bəyanatları ilə orduları barədə yüksək fikir formalaşdırmağa səy göstərsələr də, iqtisadi böhran içərisində çapalayan bir ölkənin güclü ordudan danışmasının reallıqdan uzaq olduğunun fərqindədirlər. İşğalçılıq siyasəti ucbatından bütün iqtisadi layihələrdən kənarda qalan Ermənistanda iqtisadi böhran günbəgün dərinləşir. Bu durum ölkədə kütləvi tərketmələrlə müşayiət olunur.
Ölkəmizin müdafiə qabiliyyətini gücləndirməsi, hərbi büdcəsini artırması işğala məruz qalan Azərbaycanın suveren hüququdur. Torpaqlarımızın 20 faizi işğal altındadır. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun olması dövlət üçün, hər bir vətəndaş üçün əsas vəzifədir. Ən əsası ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu mütləqdir. Azərbaycan Ordusu öz gücünü, qüdrətini ötən ilin aprel döyüşlərində bir daha dünyaya nümayiş etdirdi.
İşğalçı ölkənin beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması və bunun qarşılığında ona qarşı hansısa təzyiqin göstərilməməsi daha böyük iddialarla yaşamasına stimul verir. Rəsmi Bakı daim bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağa müstəqillik verilməsi məsələsi qətiyyən müzakirə mövzusu ola bilməz. Ermənistan tərəfi bunu nə qədər tez başa düşsə və maksimalist, qeyri-realist, qeyri-qanuni yanaşmalardan imtina etsə, bu onlar üçün də, sülh prosesi üçün də bir o qədər faydalı olar: “Ermənistanda realist yanaşmalar üstünlük təşkil edərsə, hesab edirəm ki, qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Realist yanaşma isə gerçəyə, real güclər nisbətinə söykənməlidir. Azərbaycanın artan gücü də burda öz rolunu oynayır və oynayacaqdır.” Mövqe tarixi ədalətə, həqiqətlərə əsaslananda təbii ki, diplomatik mübarizədə də üstünlük qazanmaq asandır. Bu gün dünya haqqın, ədalətin kimin tərəfində olduğunu görür və mövqeyini açıqlayır. “XXI əsr informasiya mübarizəsi əsridir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, internetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir: “Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.”
Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verən, bütün münaqişəli məsələlərin bu çərçivədə həllinə səy göstərən dövlətimiz daim işğalçı Ermənistandan beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə hörmətlə yanaşmağı, ədalətli mövqe nümayiş etdirməyi tələb edir.
Faktlara əsaslanan tarix saxtakarlığı sevmədiyi üçün baş verən hansısa bir dövrü silib-pozmaq imkanında deyil. Arxiv materiallarının araşdırılması, dünya arxivlərinin açılması məsələsi gündəmə gətiriləndə ermənilərin və onlara havadarlıq edən dövlətlərin müxtəlif bəhanələrlə bundan yayınmaları və bu addımın gərəksizliyi barədə qeyri-ciddi fikirlər səsləndirmələri də faktlarının olmamasının, ermənilərin özlərinə saxta tarix yazmalarının, digər tərəfdən də dünyanın ikili siyasətinin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiyini önə çəkərək, dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını bildirir, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Məqsəd təbliğat işini daha da gücləndirmək, faciələrimizi unutmamaq, onların mahiyyətini əsaslı şəkildə bugünkü və gələcək nəsillərə, eyni zamanda dünya ictimaiyyətinə çatdırmaqdır. Ötən bu dövrdə faciənin mahiyyətini bütün təfərrüatı ilə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün ciddi səylər göstərilib. Xocalı faciəsi erməni separatçılarının və terrorçularının Dağlıq Qarabağın azərbaycanlılardan təmizlənməsi istiqamətində həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Dünya birliyinin müxtəlif dövrlərdə baş verən faciələrə dərhal cavab verdiyi təqdirdə Xocalı faciəsinə biganəliyi təəssüf doğurmaya bilməz. Təbii ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə yol açan amildir. İndi dünya bu kimi biganəliklərin acı nəticəsini yaşamaqdadır. Xocalı faciəsinin iştirakçısı olduqlarını ən yüksək tribunalardan belə səsləndirməkdən çəkinməyənlərə bəzi dövlətlərin göstərdiyi diqqət cinayətkara dəstək kimi dəyərləndirilməlidir. Bu gün Ermənistan rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti Xocalı faciəsinin baş verməsində iştirak etmiş şəxslərdir. Dünya birliyi tərəfindən belə cinayətkarların diqqət və qayğı ilə qarşılanması təbii ki, riyakarlığın ən yüksək pilləsidir. Dünyada ikili standartların nə dərəcədə geniş yayıldığı hadisələrə yanaşmalardan daha aydın görünür. İkili yanaşma haqqın, ədalətin bərpa olunmasının qarşısında ən böyük maneədir. Ədalətin bərpa olunması Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün əsasdır. Ədaləti ən böyük meyar kimi dəyərləndirən cənab İlham Əliyev bütün dövlətlər üçün eyni meyarın tətbiq olunmasının vacibliyini bildirir.
Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi qeyd etməliyik. Fond tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Xocalı soyqırımı qurbanlarının xatirəsi onlarla ölkədə anılır. Dövlətin uğurlu siyasəti nəticəsində bu əminlik ifadə olunur ki, gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Azərbaycanın işğal altında olan torpaqları azad olunacaq və soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Aprel döyüşləri bu əminliyə böyük əsasdır. Prezident İlham Əliyevin Sərəncamı əsasında Cocuq Mərcanlı kəndində həyata keçirilən bərpa işləri “Böyük Qayıdış”ın başlanğıcıdır. Diplomatik mübarizədə uğurlar qazanan Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda hərbi qüdrətini möhkəmləndirməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, hər ay, hər gün bizi qələbəyə yaxınlaşdırır.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu