08 fevral 2017 22:45
312

Ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik

Dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə bu reallıq bir daha qeyd edilmişdir ki, insan hüquq və azadlıqları açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın təminatıdır

Müasir dovrdə qoballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Svilizasiyalararası dialoqun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəklir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi və kəsişmə nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Bu nöqteyi-nəzərdən yanaşaraq dövlətiminz başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfəri çərçivəsində keçirilən görüşlərdə də Azərbaycanın mədəniyyətlər arasında körpu rolu təqdir olunmuşdur. Təbii ki, ölkəmiz svilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün ciddi səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı: “Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.”

Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkşaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlət başçısının səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir.

Ölkəmizin bu uğurlarında təbii ki, siyasi islahatların rolu xüsusi qeyd edilməlidir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatında da bu məsələ xüsusi qeyd olunub: “Danışıqlar zamanı mən insan haqları və azadlıqlara, o cümlədən ifadə azadlığına verdiyimiz əhəmiyyəti vurğuladım. Avropa İttifaqı hesab edir ki, bu, açıq cəmiyyətlərdə uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Biz bu məsələlərdə tərəfdaş kimi işləməyi davam etdirəcəyimizi səmimiyyətlə arzulamalıyıq.”

Dövlətimizin başçısı İlham Əliyev bəyanatında Azərbaycanın hər sahədə, o cümlədən demokratik islahatlar sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini belə ifadə etmişdir: “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.”

Cənab İlham Əliyev demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir, dünyada inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun. Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin dünya dövlətləri tərəfindən öyrənilməsi və təqdir olunması bu siyasətin ölkəmizə daha böyük uğurlar gətirəcəyinə inamı artırır. Azərbaycan artıq inkişafın yeni dövrünü yaşayır. Bu inkişafı şərtləndirən əsas amillərdən biri uğurlu demokratik islahatlardır.

Ötən ilin mühüm hadisələrindən olan referendum dövlətimizin demokratik islahatları inkişafın əsası kmi dəyərləndirdiyini bir daha təsdiqlədi. Ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə xidmət edir. Digər bir qisim isə idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Bu fonda dünya birliyi də bu reallığı yüksək dəyərləndirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Vətəndaşların bütün azadlıqları qanunvericilik çərçivəsində qorunur.  Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri dövlətimizin həyata keçirdiyi siyasətin prioritetidir: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır.”

Azərbaycan bir sıra beynəlxalq təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi məqsəd Avropanın ən inkişaf etmiş ölkələrində mövcüd olan müsbət təcrübənin Azərbaycanda tətbiqini sürətləndirmək, bəşəri dəyərlərdən faydalanmaqdır. “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.”

Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi azad mətbuatın inkişafı istiqamətində də atılan addımlar davamlılığı ilə diqqət çəkir. “Azad internetin olduğu, sezuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Biz KİV-in azadlığını daha da genişləndiririk” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir. Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk  bəyanatında ölkəmizdə ifadə azadlığına yaradılan şəraiti təqdir etmişdir.

Göründüyü kimi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığında hər iki tərəf maraqlıdır. Cənab İlham Əliyev müzakirə olunan məsələlərə, əldə olunan razılaşmalara söykənərək, bu məqamı xüsusi vurğulayır ki, əməkdaşlıqda yeni b səhifə açılır. 

Yeganə Əliyeva, “İki sahil”