09 fevral 2017 14:38
547

İlham Əliyev: Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir

Əlverişli geosiyasi ərazisinə görə yadellilərin mübarizə meydanına çevrilən, tarixi İpək Yolunun üzərində yerləşən Naxçıvanın tarixi qədim, dövlətçilik təcrübəsi zəngin, təbiəti füsunkar, insanları əzmkar, mübariz, qətiyyətlidir.

Olduqca mürəkkəb siyasi şəraitdə Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsinin 9 fevral 1924-cü il tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan MSSR-ə çevrilməsini böyük tarixi nailiyyət adlandıran ümummilli lider Heydər Əliyev Şərqin qapısında yenilməz qala olan bu ulu məskən haqqında demişdir: “Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir.”

Ulu Öndər 1990-cı illərin əvvəllərində respublikada yaranan qarışıqlıqdan istifadə edərək mənfur niyyətlərini həyata keçirmək istəyən bəzi qüvvələrin Naxçıvanın muxtariyyətinin ləğvi ilə əlaqədar səsləndirdikləri sözlərə də münasibətini bildirərək milli mənafelərimizə zidd bu cür hərəkətləri müstəqilliyimiz üçün təhlükə adlandırmışdır: “İndi görürsünüz, tarixi nöqteyi-nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyət verilmişdir. Amma bu gün xalq, millət, dövlət qarşısında heç bir xidməti, heç bir səriştəsi olmayan cılız insanlar durub Naxçıvanın muxtariyyətinin əleyhinə çıxırlar. Hansı mənəvi haqla? Hansı hüquqla?”

Müdrik şəxsiyyətin belə səriştəsizlərə cavabı da birmənalı idi:  “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt Azərbaycanın milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm.” Muxtar respublikanın bugünkü tərəqqisi, qazanılan nailiyyətlər isə Ulu Öndərin uzaqgörən siyasətinin canlı təcəssümüdür. Mərhələlər üzrə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq aparılan quruculuq işləri ilə inkişafının intibah dövrünü yaşayan muxtar respublikada həyata keçirilən infrastruktur, informasiya-kommunikasiya layihələri Naxçıvanın müasir görkəmini daha da gözəlləşdirib.

Bu günlərdə muxtar respublikaya səfəri zamanı əhalinin həyat tərzinin müasir tələblərə uyğun səviyyəyə çatdırılmasında  önəmli rolu olan mühüm əhəmiyyətli obyektlərin açılışında iştirak edən Prezident İlham Əliyevin “Naxçıvanın gözəlləşməsi, abadlaşması məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir. Binalar təmir olunur, yeni, gözəl binalar tikilir, geniş prospektlər salınır. Abadlıq-quruculuq işləri bir tərəfdən ölkəmizin gücünü, digər tərəfdən Naxçıvan rəhbərliyinin səmərəli işini, sakinlərin bu işlərə olan münasibətini göstərir. Bütün bu işlər böyük məhəbbətlə, zövqlə və səliqə ilə görülür” sözləri çəkilən zəhmətə verilən layiqli dəyərdir. Başqa sözlə deyilsə, Azərbaycana rəhbərliyinin bütün dövrlərində ölkəmizin inkişafı, insanlarda fəal həyat mövqeyinin formalaşması üçün misilsiz xidmətlər göstərən ulu öndər Heydər Əliyevin müasirləşən və gözəlləşən Naxçıvanla bağlı istək və arzuları artıq reallaşıb.

1990-cı ildə Moskvadan doğma Vətənə qayıtmaqla Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlıq göstərən Ulu Öndər Naxçıvan MR Ali Məclisinin Sədri kimi siyasi, iqtisadi, sosial sahələrdə vacib proqramların həllinə muxtar respublikada həyata keçirdiyi  islahatlarla başladı. Dünyada siyasi, iqtisadi qüdrəti ilə seçilən Azərbaycanı bu gün beynəlxalq aləmdə bir dövlət kimi tanıdan uğurların təməli də Ulu Öndərin Naxçıvanda çalışdığı illərdə qoyulub.

Naxçıvanda olarkən dövlət atributlarını bərpa edərək bütün Azərbaycan üçün göstərdiyi xidmətlərdən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, muxtariyyətin qorunması oldu.

Ümummilli lider Heydər Əliyevin muxtar respublikadakı fəaliyyətini, xidmətlərini Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmiş önəmli dövr adlandıran Prezident İlham Əliyevin bildirdiyi kimi, Ulu Öndər Naxçıvana diqqətlə yanaşırdı: “Ona görə yox ki,  burada anadan olmuşdu, bura onun Vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü.”

Yerləşdiyi geosiyasi məkana görə siyasi, iqtisadi əhəmiyyəti ilə fərqlənən, Şərqə açılan qapı adlanan, tarixi İpək Yolu ilə qitələri dolaşanlara bələdçilik, ev sahibliyi edən, hər daşı, qayası bir tarix, yenilməzlik, mərdlik rəmzi olan, zaman-zaman hüsnünə heyran qalan yadellilərə boyun əyməyən Naxçıvan qürurlu dağlarının əzəməti ilə də fərqlənib. İlk yaşayış məskənlərindən olan Naxçıvan sirli dünyası, tarixi abidələri, alınmaz Əlincə qalası, Mömünə xatun, Yusif İbn Küseyir, Qarabağlar da daxil olmaqla onlarla  tarixi abidələri, Qurani-Kərimdə adı çəkilən Əshabi-Kəhf (“Mağara” surəsi) kimi müqəddəs yerləri, doqquz iqlim qurşağının yaratdığı müxtəlifliyi, möcüzələri, sərt iqlimi, saf sulu bulaqları, əzəmətli dağları, məğrur insanları özündə qoruyan müqəddəs torpaqdır.

Ulularımızın izini hər daşında, qayasında yaşadan, yadellilərdən qoruyub bizə miras qoyduğu, torpağına toxunduqca varlığından güc alan naxçıvanlıların Vətən sevgisinin, yurda bağlılığı bugünkü Naxçıvanın insanı heyrətə alan simasında əksini tapır.

Naxçıvan, dünyanın ilk yaşayış məskəni olduğu kimi bir çox yeniliklərə də imza atan ilklərdəndir. İqtisadiyyat, sosial, mədəniyyət, təhsil, tibb sahəsində aparılan quruculuq işlərini sadalamaqla bitməz. Naxçıvana gələn qonaqları qədimliklə müasirliyin vəhdət təşkil etdiyi yenilikləri ilə heyrətləndirən ulu məskən haqqında söylənilənlər çəkilən zəhmətə verilən dəyərdir. Tək, paytaxtı, rayon mərkəzlərini deyil, demək olar ki, muxtar respublikanın ən ucqar bölgələrini belə əhatə edən inkişafı şərtləndirən layihə və islahatlar davam etməkdədir.

Prezident İlham Əliyevin muxtar respublikaya növbəti səfəri zamanı qısa müddət ərzində görülən işlərin nəticəsi kimi istifadəyə verilən obyektləri göstərməklə inkişafın miqyası barədə təsəvvür yaratmaq mümkündür.

Qədimliyini qorumaqla müasirləşən Naxçıvan həqiqi mənada inkişafdan intibaha gedən yolda inamla addımlayır. Hər günü yeni uğurlarla yola salan bu diyarın zəhmətkeş insanları belə bir məkanda yaşadıqları üçün özlərini xoşbəxt hesab edirlər. Təbiətinin gözəlliyindən ilham alan bu yurdun insanları min bir dərdin dərmanı olan bulaqlarının suyu qədər saf, dağları kimi qürurlu, bərəkətini əsirgəməyən torpaqları kimi səxavətlidirlər. Şərqin iri mədəniyyət, elm mərkəzi kimi tanınmış, sənətkarlar yurdu adlandırılmış, dünya sivilizasiyasına tarixi şəxsiyyətlər bəxş etmiş muxtar respublikada keçirilən beynəlxalq tədbirlərdə iştirak edənlər Naxçıvanın hüsnünə heyran olduqlarını etiraf edirlər.

Bu qədim diyara əvvəlki səfərlərində “Hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla fəxr edə bilər. Mən bütün naxçıvanlıları bu böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Naxçıvan rəhbəri Vasif Talıbova öz minnətdarlığımı bildirmək istəyirəm” söyləyən Prezident İlham Əliyev muxtar respublikaya onüçüncü səfərində də görülən işləri yüksək dəyərləndirdi: “Çox şadam ki, respublikanın uğurlu inkişafı təmin edilir. Bu münasibətlə respublikanın rəhbərliyini və sakinlərini təbrik etmək istəyirəm. Doğrudan da son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Hesab edirəm ki, bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var.”

... Yaşı əsrlərlə ölçülən, əzəməti ilə hamını heyrətləndirən Naxçıvan inkişaf, tərəqqi yolu ilə inamla addımlayır. İnsanları daha möhtəşəm uğurlar naminə çalışır, yaradır. Azərbaycanın ayrılmaz parçası kimi respublikada aparılan quruculuq işlərində öncüllüyünü qoruyur.

Xuraman İsmayılqızı, “İki sahil”