10 fevral 2017 14:34
303

Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi

Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma “DQR”-in təbliğatını aparan şəxslərə mesaj oldu

Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini əsas tutan Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Amma təəssüf ki, bu gün dünyada iqtisadi və maliyyə böhranı ilə yanaşı, beynəlxalq hüquq probleminin də yaşanması, yəni ikili siyasətin hökm sürməsi  bu kimi müdaxilələrə yol açır, ən əsası tarixi faktların saxtalaşdırılmasına, ərazi bütövlüyü prinsiplərinin qorunmamasına səbəb olur. Bu gün Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, bir qarış torpağımız belə  düşmənə verilməyəcək. İşğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək bizim suveren hüququmuzdur. Ötən ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar da bu reallığı ortaya qoydu ki, sülh danışıqlarına önəm verən Azərbaycan   münaqişənin həllində hərb yolunu seçərsə, qələbəsi  şəksizdir. Bu gün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Cocuq Mərcanlı kəndində  həyata keçirilən bərpa işləri “Böyük Qayıdış”ın başlanğıcıdır. Bu,  Ermənistana və ona havadarlıq edənlərə bir mesajdır ki, Azərbaycan  tezliklə  işğal altında olan torpaqlarını azad etmək gücündə, qüdrətindədir.

Bu, təbii ki, məsələnin bir tərəfidir. Digər tərəfi əvvəldə də qeyd etdiyimiz kimi, dünyanın ikili siyasəti fonunda Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanması, tarixin saxtalaşdırılmasına göz yumulmasıdır.  Azərbaycan dövləti  qətiyyətli siyasəti ilə növbəti hüquqi qələbəyə  nail oldu. Azərbaycanın işğal olunmuş ərazilərinə  icazəsiz səfər edən,  barəsində cinayət işi qaldırılmış Aleksandr Lapşinin Azərbaycan Respublikasına təhvil verilməsi dövlətimizin prinsipial və qətiyyətli siyasətini bir daha ortaya qoydu.  Azərbaycan dövləti bir daha  bəyan etdi ki, ərazi bütövlüyü prinsipi əsasdır.  Hər bir dövlət bu prinsipləri əsas götürməlidir. Bu hadisə, eyni zamanda,  Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir. Dövlətimizin xarici siyasətinin təməl prinsiplərindən biri budur: böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə  bərabərhüquqlu və qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Azərbaycan müstəqil dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında  eyni məsuliyyəti daşıyır.

Ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın müraciətini nəzərə almış, qəti və obyektiv qərar qəbul edərək A.Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirmişdir. Aleksandr Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya göstərmişdir. Bu, Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının  əyani təzahürüdür.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkə Prezidentinin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətin nəticəsi,  diplomatiyamızın növbəti parlaq qələbəsidir. Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran,  dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir.

Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır.  Məlumdur ki, A.Lapşin Ermənistan hakimiyyətinin apardığı siyasətə dəstək olaraq,  sosial şəbəkədə  səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Təbii ki, belə çağırışların “müəllifi” Ermənistan üçün əziz, yaxın dost olacaq. Hər zaman qeyd etdiyimiz kimi yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, BMT Təhlükəsizlik Şurasının qətnamələrində də bu fakt öz əksini tapmaqla, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb olunub. Baxmayaraq ki, Ermənistan prezidenti  himayədarlarına arxalanaraq sərsəm bəyanatları ilə dünyanın diqqətini həqiqətlərdən yayındırmağa  çalışır, Dağlıq Qarabağı gah Ermənistan ərazisi, gah da müstəqil dövlət kimi təqdim edir. Təbii ki, bu kimi əsassız  fikirlər dünyanın ikili siyasətindən qaynaqlanan sayıqlamalardır.

Düşünürük ki, A.Lapşinin ekstradisiyası  bu kimi qərəzli mövqelərə, əsassız yanaşmalara tutarlı cavabdır. Bir daha aydın oldu ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”-i qəbul etdirmək  cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir.

Aleksandr Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma “DQR”-in  təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma “DQR”-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir.

A.Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil. Reallıq budur ki, A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilmişdir. A.Lapşin  Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmış və  fevralın 7-də Azərbaycana ekstradisiya olunmuşdur.

Unutmayaq ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir. Dövlətimizin başçısı İlham Əliyevin “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir... Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu onlar üçün o qədər də yaxşı olacaq” bəyanatı işğalçı Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir.

Yeganə Əliyeva, “İki sahil”