Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Nəcəf bəy Vəzirovun “Dələduz” komediyası əsasında hazırlanan tamaşanı teatrsevərlərə təqdim edib.
AZƏRTAC xəbər verir ki, “Dələduz” komediyasının əsas qəhrəmanı Mirzədadaş (aktyor Nemət İslamoğlu) işi və peşəsi olmayan, fırıldaqçılıqla yaşayan dələduzdur. Mirzədadaş tacir Məcidin (aktyor Arif Nağıyev) beş yüz manatlıq malını yeyən Qurbanəliyə (aktyor Məhərrəm Əbilsoy) məhkəmədə udacağını yarı bölmək şərti ilə vəkil olur və məhkəmədə qurduğu hiylə ilə işi “cavabdehin” xeyrinə kəsdirir.
“Dələduz” tamaşasında daha maraqlı cəhət divanbəyinin (aktyor Nəsimi Məmmədzadə) işə çox yüngül yanaşması və ədalətsiz bir qərar çıxarmasıdır. Divanbəyi həm axmaq, həm də ədalətsiz bir hakim təsiri bağışlayır.
Komediya bir əsr bundan əvvəlki cəmiyyətin məhkəmə sistemində olan qanunsuzluqlarını göstərir və tənqid edir.
Tamaşanın rejissoru Nemət İslamoğlu, musiqi tərtibatçısı Elçin İsmayılov, tərtibatçı rəssamı isə Arif Nağıyevdir.