02 mart 2017 15:22
375

“YARAT” Müasir İncəsənət Məkanında “Əziz sevgilim” adlı sərgi açılacaq

Martın 11-də “YARAT” Müasir İncəsənət Məkanında Orxan Hüseynovun “Əziz sevgilim” adlı fərdi sərgisi açılacaq.

“YARAT”dan AZƏRTAC-a bildirilib ki, bu sərgi üçün Orxan Hüseynov 3 yeni möhtəşəm əsər yaradıb. Bu əsərlər gündəlik həyatımızın bir hissəsi, söhbətlərimizin əsas mövzusu və məlumat toplama prosesinin bir hissəsinə çevrilmiş alternativ reallıqlara və uydurma hekayələrə tamaşaçının diqqətini cəlb edir. Bu hekayələrin əksəriyyəti internetin xəbər saytları, e-poçt, sosial şəbəkələr və s. vasitələrlə yayılır. Müasir siyasət dünyasında olduğu kimi, Orxan Hüseynovun əsərlərində də “Doğru” və “Yalan” anlayışları aktuallığını itirmiş kimi göstərilir və onlara populyar alternativ olaraq “İmkan” və “Etimad” anlayışları təqdim edilir. Ələlxüsus, “Etimad” məfhumu reallıq, fantastika və fırıldaq mövzuları ətrafında dövriyə edən əsərlərin əsas predmetidir. Hər layihə çərçivəsində, rəssam tamaşaçısını bu hekayələrə emosional olaraq cəlb etmək üçün, yumor, istehza, şəfqət və faciəni bir araya qataraq, bədii ədəbiyyat, televiziya verilişi, populyar mahnı dilindən və üslubundan məharətlə istifadə edir. “Əziz sevgilim” layihəsi, bu hekayələrdə təqdim edilən saxta “imkanlara” qarşı çıxır, onları ifşa və alt-üst edir. Bu layihə çərçivəsində, rəssam uydurma hekayələrə nəzər yetirdiyinə baxmayaraq, onların ədəbiyyat, musiqi və ya populyar televiziya verilişi kimi mədəni əhəmiyyət daşımasını araşdırır və qəbul edir.