03 mart 2017 17:12
900

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun solo konserti olub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun solo konserti olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə aparıcı gənc yaşlarından xanəndəliyə marağı olan Zülfüqar Mahmudovun Bakıda Azərbaycan Dövlət Muğam Studiyasını, eyni zamanda, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda muğam studiyasını bitirdiyini bildirib. Təhsil illərində o, görkəmli sənətkarlarımız İslam Rzayev, Arif Babayev, Baba Mahmudoğlu və Gülxar Həsənovadan muğam sənətinin incəliklərini öyrənib. Onun xanəndə kimi yetişməsində Azərbaycan Respublikasının Əməkdar artisti Qəzənfər Abbasovun da böyük əməyi olub.

Zülfüqar Mahmudov uzun illər Naxçıvan Dövlət Filarmoniyasında musiqiçi kimi çalışıb. O, muxtar respublikanın mədəni həyatında, dövlət tədbirlərində daim yaxından iştirak edib, dəfələrlə xarici dövlətlərdə – Türkiyə, Türkmənistan, Polşa və Rusiyada qastrol səfərlərində olub, muğam sənətimizin və milli musiqimizin təbliğinə öz töhfəsini verib.

Qeyd edilib ki, xanəndənin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, 2011-ci ildə Prezident mükafatına, 2015-ci ildə isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti Zülfüqar Mahmudov bu gün pedaqoji sahədə də çalışaraq, muğam sənətimizin sirlərini böyük həvəslə gənc nəslə öyrətməkdədir.

Azərbaycan Respublikasının Əməkdar artisti Qəzənfər Abbasov çıxış edərək deyib ki, Zülfüqar Mahmudov onun ən istedadlı tələbələrindən biri olub. Xanəndənin özünəməxsus ifa tərzi həmişə tamaşaçıların alqışları ilə qarşılanıb.

“Turacı” xalq rəqsindən sonra səhnəyə çıxan istedadlı xanəndə Zülfüqar Mahmudov əvvəlcə “Şur” ailəsinə daxil olan “Rahab” muğamını ifa edib.

Konsertdə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın laureatı Yusif Hacıyev “Alma almaya bənzər” Azərbaycan xalq mahnısını, müğənni Nərmin Hüseynova bəstəkar Faiq Sücəddinovun “Oğrun yollar” nəğməsini səsləndiriblər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudovun ifa etdiyi “Gül açdı” Azərbaycan xalq mahnısı konsert iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Konsertin sonunda xanəndənin Nərmin Hüseynova və Yusif Hacıyevlə birlikdə səsləndirdiyi “Rast” ailəsinə daxil olan mərdlik və qəhrəmanlıq ifadə edən “Heyratı” zərb muğamı alqışlarla qarşılanıb.

Qeyd edək ki, xanəndəni konsertdə tarda Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, kamançada Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Əbülfət Babayev, nağarada Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Məmmədəli Babayev, udda Cabir Vəliyev, qanunda Sevinc Babayeva, zərb alətində Mahir Rüstəmov, fortepianoda Ziya Fətullayev müşayiət ediblər.