03 mart 2017 21:50
433

Əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Martın 3-də Ankara şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam ilə görüşüb.

Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyət və irsinin mühafizəsi və dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi və planlaşdırdığı layihələrdən bəhs edib.

S.Çam öz növbəsində TİKA-nın fəaliyyəti, onun müxtəlif ölkələrdəki nümayəndəlikləri barədə məlumat verib, Fondun türk dünyasına xas tarixi-mədəni mirasın qorunması və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib.

Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında sıx dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyinə toxunulub, Türkiyədə 15 iyul hadisələri zamanı dövlət və millətin demokratiya uğrunda mübarizəsinin, eyni zamanda, son zamanlar baş verən terror hadisələrinə qarşı mübarizənin Azərbaycan tərəfindən dəstəkləndiyi qeyd edilib.

Görüş əməkdaşlığın gələcək perspektivləri üzrə fikir mübadiləsi ilə yekunlaşıb.