Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Almaniyanın Azərbaycandakı səfirliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və ölkəmizdə fəaliyyət göstərən alman şirkətlərinin iştirakı ilə müşavirə keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müşavirədə almanların Azərbaycanda məskunlaşması və fəaliyyəti müxtəlif millətlər arasında qarşılıqlı anlaşma və birgəyaşayışın bariz nümunəsi kimi qiymətləndirilib, onlar tərəfindən yaradılan irs ölkəmizdəki multikultural mədəni irsin bir hissəsi olaraq dəyərləndirlib.
Ölkəmizdə mövcud olan alman izlərinə, alman mədəni irsinə verilən dəyər və onların qorunması istiqamətində görülən və həyata keçirilməsi planlaşdırılan işlərdən danışılıb.
Mədəniyyət və turizm naziri Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin 2016-2017-ci illər üçün UNESCO-nun əlamətdar hadisələrin və görkəmli şəxslərin yubileyləri proqramına daxil edilməsi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan müvafiq Sərəncam barədə məlumat verib.
Əlamətdar yubileyin qeyd olunması istiqamətində nazirliyin təkliflərini müşavirə iştirakçılarının diqqətinə təqdim edən Ə. Qarayev sözügedən tədbirlərin həyata keçirilməsində səfirlik, palata və alman şirkətlərini əməkdaşlığa dəvət edib.