Nigeriyada fəaliyyət göstərən Beynəlxalq qadın təşkilatı bu ölkənin Laqos şəhərində uşaqlar üçün “Kiçik dünya” adlı xeyriyyə tədbiri təşkil edib. Tədbirdə Azərbaycan da təmsil olunub.
Bu təşkilatın maliyyə meneceri, Laqosda yaşayan həmvətənimiz Billurə Bayramova AZƏRTAC-a bildirib ki, tədbirdə 33 ölkəni təmsil edən 6-17 yaşlı uşaqlar iştirak ediblər.
Xeyriyyə tədbirində ölkəmizi Nigeriyada yaşayan Misir vətəndaşı Ömər Məhəmməd Elsisi təqdim edib. O, tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat verib.
“Kiçik dünya” xeyriyyə tədbirində Nigeriyanın mədəniyyət naziri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif beynəlxalq şirkətlərin təmsilçiləri və jurnalistlər iştirak ediblər.
B.Bayramova daha sonra bildirib ki, xeyriyyə tədbirinin əsas məqsədi Nigeriya sakinlərini müxtəlif ölkələrin xalqlarının mədəniyyəti və adət-ənənələri ilə tanış etməkdir. Tədbirdən əldə edilən olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltmək nəzərdə tutulur.