Türkiyənin dünyaca məşhur “Anadolu atəşi” rəqs qrupu Qəbələ Konqres Mərkəzində xüsusi konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı “Gilan Hospitality Group”un icraçı direktoru Elgün Məmmədov AZƏRTAC-a bildirib ki, bir sıra mühüm tədbirlərə ev sahibliyi edən Qəbələnin budəfəki qonağı “Anadolu atəşi” rəqs qrupudur.
E.Məmmədov deyib: “Qrupun Qəbələdəki çıxışı mədəniyyətlərin bir-birinə təsirini nümayiş etdirməklə müasir dövrümüzdə tarixin bizə irs qoyduğu musiqini və rəqsləri hiss edərək keçmişə səyahət etməyə şərait yaradacaq. Konsertin Novruz bayramı ərəfəsində keçirilməsi isə heç də təsadüf deyil. Bu konsert bayram ərəfəsində qonaqlarımıza mədəni həzz yaşatmaq üçün nəzərdə tutulub. Gələcəkdə Qəbələ şəhəri bu cür tədbirlərlə daha çox Azərbaycan tamaşaçısını və şəhərimizin qonaqlarını sevindirməyə davam edəcək”.
Qeyd edək ki, rəqs qrupu 93 ölkədə 3 min 850 canlı rəqs performansı ilə 31 milyondan çox tamaşaçı tərəfindən izlənilib. Qrupun rəqslərinin əsas konsepti mədəniyyətlərin qovuşması və dünyəvi dəyərləri aşılamaqdır. Rəqs qrupunun çıxışları tarixən Anadolunun mifoloji və kultural tarixindən qaynaqlanır. Rəqslərin əsas ritmləri yüzlərcə xalq rəqsləri və xalq musiqisinin sinxron təcəssümüdür.
Qrupun əsas məqsədi Anadolunun çoxəsrlik sevgi, mədəniyyət və tarixi elementləri əks etdirməkdən ibarətdir.