Azərbaycan BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı UNESCO-nun rəhbəri postuna Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun namizədliyini irəli sürüb. Bu barədə TASS xəbər verir.
“Natsionalnaya Slujba Novostey” (NSN - Milli Xəbər Xidməti) informasiya agentliyi bu münasibətlə musiqiçi, müğənni və aktyor Polad Bülbüloğlunu vaxtilə öz filmlərinə çəkmiş rejisor və prodüsser Yuli Qusmanla söhbətləşib, səfirin qələbə şansı, iddia etdiyi posta uyğunluğu barədə fikirlərini öyrənib.
“Mənim əlimdə olsaydı, Polad Bülbüloğlunu seçərdim. Ona görə yox ki, o, mənim dostum və silahdaşımdır, ona görə ki, onun bioqrafiyasını bilirəm və Polad Bülbüloğlu UNESCO-nun məramlarına ideal şəkildə uyğun gəlir. Onun çox gözəl təhsili var, dilləri bilir, müxtəlif prezidentlərin və hökumətlərin dövründə Azərbaycanın mədəniyyət naziri olub. Hamı onu seçib, çünki o, yaxşı işçidir. Mənim filmlərimdən də bildiyiniz kimi o, gözəl artist, gözəl bəstəkar və müğənnidir. Sözün yaxşı mənasında böyük karyerası var. O, həm də yüksək səviyyəli diplomatdır”, - deyə Qusman bildirib.
Həmsöhbətimiz həmçinin qeyd edib ki, Polad Bülbüloğlunun bu vəzifəyə seçilməsinin təkcə təşkilatın özünə deyil, həm də bütün postsovet ölkələrinə faydalısı dəyə bilər.
“UNESCO-nun xüsusiyyətlərilə yaxından tanış deyiləm, lakin mənə elə gəlir ki, Polad Bülbüloğlu ideal namizəddir. Başa düşürəm ki, rəqabət böyükdür, bu işə çox qüvvələr qarışır, lakin fikrimcə, Poladın UNESCO-ya rəhbərlik etməsi həm Azərbaycanın, həm Rusiyanın, həm də bütün MDB məkanının xeyrinə olardı. O, çox ünsiyyətcil, ədəbli və xeyirxah insandır. Mənə elə gəlir ki, onun seçilməsi Rusiya üçün çox gözəl olar. Burada onu tanıyır və sevirlər. Üstəlik, o seçilərsə, Rusiya həm vəziyyətə təsir edə bilər, həm də heç kim onu fövqəldövlət şovinizmində ittiham edə bilməz”, - deyə Qusman vurğulayıb.
Polad Bülbüloğlu həm artist, musiqiçi və bəstəkar kimi, həm də azərbaycanlı siyasi xadim kimi tanınır. 1988-ci ildən 2006-cı ilədək o, mədəniyyət naziri vəzifəsində çalışıb. Bununla yanaşı o, ölkəsinin UNESCO ilə əlaqələrinin inkişafına dəstək verib, “Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasında seçilib. P.Bülbüloğlu Yuli Qusmanın “Qorxma, mən səninləyəm”, “Sovet dövrünün parkı” filmlərində və başqa rejisorların kinolarında çəkilib.
Worldmedia.az