14 mart 2017 22:28
365

“Eurovision-2017”: Azərbaycan sadəcə iştirak üçün qatılmır

Dihaj, onun mahnısı və Lizbet Salandersayağı üslubu Azərbaycana “Eurovision”da ikinci qələbəsini qazandıra bilər.

“İki sahil” Worldmedia.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın “20 minutes” nəşri yazıb. Qeyd edilir ki, müğənni Diana Hacıyeva – Dihaj ötən ilin payızında Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb. Onun yarışda ifa edəcəyi mahnı isə ictimaiyyətə yalnız bu ilin martında açıqlanıb.

Bu gənc müğənni təhsilini Azərbaycanın paytaxtı Bakı şəhərində alıb, daha sonra Londonda davam etdirib. O, “yeraltı səhnə”də (caz, rok, elektron musiqi) məhz burada parlayıb. 2014-ci ildə ifaçı Bakıda “Dihaj” qrupunu yaradıb. Qrupun əsərləri adətən elektron musiqi üzərində qurulur.

Qələbə şansı çox yüksəkdir. Bukmekerlərin yüksək reytinq verdiyi Dihaj özünün “Skeletons” mahnısı ilə Kiyevdə çox gözəl təsir bağışlaya bilər. Amma mahnının adında qrammatik səhv var (ingilis dilində “I’m a skeletons” (“Mən skeletəm”)) ki, bunun da ingilisdilli dinləyicilər tərəfindən mənfi qəbul edilməsi mümkündür...

2017-ci il də daxil olmaqla Azərbaycan bu müsabiqədə sayca 10-cu dəfə iştirak edəcək. 2011-ci ildə bu ölkə bütün proqnozları alt-üst edərək, müsabiqənin qalibi olmuşdu. Onun ən pis göstəricisi isə 2014-cü ildə qeydə alınıb – 22-ci yer.