Yazıçı-publisist, Əməkdar jurnalist, Naxçıvan MR Əməkdar İncəsənət Xadimi Sadıq Elcanlının «Sirli söz qapısı» adlı yeni kitabı çapdan çıxmışdır. Kitab Xalq Yazıçısı Elçinin «Sadıq Elcanlı haqqında qısa dost sözü» adlı məqaləsi ilə açılır. Məqalədə Xalq Yazıçısı xüsusi olaraq vurğulayır ki, «Sadıq Elcanlının nəsri realist bir nəsrdir, onun hekayə, povest və romanlarında həyatın realist təsviri əsas yer tutur, ancaq bəzən onun istedadı və düşüncələri, onun bədii təxəyyülü realizm çərçivələrinə sığışmır, o, fantastikaya, mifologiyaya müraciət edir. Ancaq bu zaman söhbət mücərrəd mifik bir aləmdən getmir, çünki bütün bunlar realist yazıçının həyatda, real gerçəklikdə gördüklərinin bədii estetik inikası, yəni onun dediyim həmin bədii təfəkkürünün ifadəsidir».
Sadıq Elcanlı «Əbədi sevginin xatirələri», «Yaddaş yarası», «Qanlı quzğun meydanı», «Zülmət» romanları, «Sükutun sonu», «Əsrin qazancı», «Bir günlük itki», «Qisasa qayıdış» povestləri, «Yovşanlı yamacın qürub çağında», «Yanıq iyi», «Köhnə suallar səhrasında yeni sahibin səhəri», «Bir budağın tarixçəsi», «İlk iş günü»… hekayələri və bu əsərlərin bədii-estetik prinsiplərini əsaslandıran elmi-nəzəri, ədəbi-tənqidi silsilə məqalələri ilə Azərbaycan nəsrində yeni bir yol başladı, mifoloji-fantastik istiqamətin əsasını qoydu, uğurlu nümunələrini təqdim etdi.
«Sirli söz qapısı» adlı yeni kitabında Sadıq Elcanlının son illərdə mətbuatda çap etdirdiyi hekayələri, esseləri, ədəbi-tənqidi və publisistik yazıları, eləcə də görkəmli elm və sənət adamlarının onun haqqında müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri toplanıb.
«Sirli söz qapısı» kitabının ilk bölümündə Sadıq Elcanlının son illər mətbuatda çap olunan, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən «Yeni hekayələr» silsiləsi təqdim olunur. Daha sonra kitabda müəllifin esseləri, məqalələri yer alıb.
S.Elcanlının Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illiyi münasibətilə yazdığı, bütöv halda «525-ci qəzet», «Olaylar» və «Bütöv Azərbaycan» qəzetlərində çap edilən «Böyük yolun zəfər zəngləri» adlı məqalələr silsiləsi (7 məqalə) kitabın ayrıca bölümündə verilib.