28 mart 2017 14:27
429

TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib

Novruz bayramı münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) xalq çalğı alətləri ansamblının Rumıniyada ikinci konserti Buxarestdə yerləşən Milli Opera binasında keçirilib. Konsert TÜRKSOY və Yunus Əmrə Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan və Qazaxıstan səfirliklərin əməkdaşları, incəsənət xadimləri, musiqiçilər, Rumıniyada yaşayan türkdilli ölkələrin diasporları, rumın ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konsertdən əvvəl Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş, TÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı və Yunus Əmrə Fondunun Rumıniya nümayəndəliyinin sədri Tuna Balkan Novruz bayramının tarixi, məqsədi, rəmzləri barədə tamaşaçılara məlumat verdilər. Çıxışlarda Novruzun birlik rəmzi olduğu diqqətə çatdırılıb.

Azərbaycanı konsertdə muğam kvarteti - gənc xanəndə Babək Quliyev, tarda Ruslan Zərbəliyev, kamançada Şəhriyar Musayev və nağarada Elnur Əliyev təmsil ediblər. Onların ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.