31 mart 2017 15:46
237

Nazir Azərbaycan musiqi və incəsənət kollektivlərini dəvət edib

Litvalı nazir ölkəsinin yüz illik yubiley tədbirlərinə Azərbaycan musiqi və incəsənət kollektivlərini dəvət edib

Mədəniyyət sahəsində əməkdaşlıq perspektivləri Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə və bu ölkənin mədəniyyət naziri Liana Ruokyte-Jonssonun görüşündə müzakirə edilib.

Səfir əvvəlcə Liana Ruokyte-Jonssonu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və onun mayın 4-6-da Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunduğunu söyləyib.

Diplomat iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Səfir son illər həm Azərbaycanda, həm də Litvada keçirilən beynəlxalq festivallarda hər iki ölkənin mədəniyyət xadimlərinin iştirak etdiyini vurğulayıb.

İki ölkə arasında mədəniyyət sahəsindəki əməkdaşlıqdan məmnunluğunu ifadə edən L.Ruokyte-Jonsson, Litvanın müstəqilliyinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi istiqamətində görülən işlərə toxunub. Nazir gələn il keçiriləcək yüz illik yubiley tədbirlərinə Azərbaycan musiqi və incəsənət kollektivlərini də dəvət edib.