Söz, sənət adamı olmaq ilahi bir nemətdir. Adam ağzını açanda hiss edirsən ki onda obrazlı təfəkkür, mühakimə qabiliyyəti və istedad vardır. Tarixdə çox maddi sərvət sahibləri olmuş, ancaq onların heç birinin heç adı da qalmamış, ancaq Nizami Gəncəvi, Məhəmməd Füzuli, H.Cavid, S.Vurğun, M.Araz SÖZÜ müstəqil dövlətimizin insanlarının yaddaşında özünə möhkəm yer tutmuşdur. Sözün sərrafı, xiridarı olmaq hər insana nəsib olmur. İlahi söz, səmimi söz adamı uzaqdan çağırır, onu sehirləyir, ovsunlayır. Təsadüfi deyildir ki, dahilərdən kimsə demişdir: əvvəl, ilkin söz yaranmışdır.
Belə gözəl söz ustalarından, istedadlı qələm sahiblərindən biri də Adəm Asnıdır.
Bu yaxınlarda mətbuatda Adəm Asnının yaradıcılığı haqqında görkəmli filoloq alim, Milli Məclisin deputatı Nizami Cəfərovun “Həvəskarın peşəkarlığı” adlı məqaləsini oxuduqdan sonra bu yaradıcılıq nümunələrinə marağım daha da artdı.
Adəm Asnını mən çoxdan tanıyıram. Onu da deyim ki, Asnı Naxçıvan diyarında qədim bir çayın, müqəddəs məkanın adıdır. Asnı çayının adını özünə təxəllüs olaraq götürmüşdür Adəm Əkbərov. O, uzun müddət cəzaçəkmə müəssisələrində çalışmışdır. O bu müəssisədə işlədiyi dövrdə neçə-neçə gənclərin düz yola gəlməsinə kömək etmiş, onları həyata qaytarmış, cəmiyyətə faydalı övlad olmasına dəstək olmuşdur. Hələ o zamanlar Adəm müəllim mənə öz məzmunlu lirik şeirlərini, duzlu təmsillərini oxuyardı, lətifələrini söyləyərdi. “Niyə bunları çap etdirmirsən” deyə soruşanda “gələcəyin işidir” deyərdi. Nəticədə onun “Duyğuların ifadəsi” adlı kitabı meydana çıxdı.Günlərin bir günü Adəm müəllim bir az da tərəddüdlü şəkildə mənə bir qovluq təqdim etdi, “imkan olsa bunlarla tanış olun, rəyinizi bilmək istəyirəm” dedi. Oxudum, bədii sözün qüdrəti məni sehirlədi, çox diqqətimi çəkdi, fikirlərimi sizinlə bölüşmək istədim.
Müəllifin “Ovqat” kitabı üç bölmədən ibarətdir: təmsillər, hekayələr və lətifələr.
Təmsilin tarixi obrazlı sözün tarixi qədər qədimdir. Təmsil həm Şərq, həm də Qərb ədəbiyyatında, həm şifahi, həm də yazılı bədii nümunələrdə, həm ən qədim dövrlərdə, həm də bizim günlərdə mövcud olan ciddi, kəskin və böyük ictimai-əxlaqi təsirə malik ədəbi formadır. Bir ədəbi forma, bir janr kimi təmsilin müəyyənləşmiş poetikası, üslubu, tələbləri, normaları, spesifik tematikası, üslubu və surətlər aləmi, dünyaca məşhur nümayəndələri vardır. Şifahi təmsil təcrübəsi, yazılı ədəbiyyatla müştərək əlaqə nəticəsində təmsil janrı güclü bir dünyəvi ədəbi forma kimi kamala çatmışdır. Qeyd edilməlidir ki, təmsil janr olaraq bir zərurət kimi meydana gəlmişdir.
Müəllifin də qeyd etdiyi kimi, təmsilin bir janr kimi yaranma tarixi eradan əvvəlki V əsrə aid edilir və öz fikirlərini başqa formada deməyə imkanı olmayan Ezop adlı qul bu janrın yaradıcısı hesab olunur. Qədim dövrdə Roma və Hindistanda gözəl təmsil nümunələri yaranmışdır. Rus ədəbiyyatında İ.Krılovun təmsilləri məşhurdur. Azərbaycan ədəbiyyatında da təmsillərin tarixi qədimdir. Nizami Gəncəvi, M.Füzuli, Q.Zakir, A.Bakıxanov, müasir dövrdə Hikmət Ziya gözəl təmsil ustası kimi tanınmışdır. Adəm Asnı da bu təmsilçilərin layiqli davamçısı, xələfidir. Mən deyərdim ki, Adəm müəllimin təmsil yaradıcılığında özünəməxsus dəst-xətti var. Onun təmsilləri epik növdə daha çox nəzmlə qələmə alınmışdır. Yuxarıda Nizami Cəfərovun Adəm Asnının şairlik məharətini yüksək qiymətləndirdiyini göstərmişdik. Sənətkarın bu kitabda nəzmlə qələmə alınmış təmsilləri də N.Cəfərovun qənaətlərində haqlı olduğunu bir daha təsdiq edir.
Bu təmsillərin əksərinin sonunda bir ibrətamiz, aforizm, atalar sözü səciyyəli ümumiləşdirmə, nəticə verilmişdir: “Qartal və balaları” təmsili çox nəsihətamiz sonluqla başa çatır:
Cəsur, ləyaqətli övlad böyütmək
Hər ata-anaya borc olsun gərək
Və ya “Çəpişin marağı” təmsili:
Hər şeyə ki maraq yetirəcəksən,
Çoxunu yarımçıq bitirəcəksən.
Gözəl ayaqlara aludə olsan,
Bir zaman başını itirəcəksən.
Və ya da “Bülbül və sərçə” təmsili:
Kiminsə kimliyi çətin bilinər,
Ta ki ağzın açıb dinənə qədər.
Hələ Xalq şairi Səməd Vurğun “Muğan” poemasında əsərin qəhrəmanı ekskavatorçu Sarvanın şücaətlərini vəsf edərkən yazırdı ki:
Ekskavator sözü yoxdur Sarvanımın öz dilində,
Lakin ona həmdəm oldu öz yurdunda, öz elində.
Böyük sənətkar ehtiyatla “ekskavator” alınma sözünü, maşınşünaslıq terminini poetik məqamda işlədirdi.
Bəhs etdiyimiz kitabda diqqəti cəlb edən bir maraqlı cəhət də ondan ibarətdir ki, Adəm müəllim məzmunlu və duzlu təmsillərində alınma sözləri yeri gəldikcə istifadə dairəsinə daxil edir, onları cəsarətlə poetik məqama gətirir. Və bu təşəbbüs də çox zaman uğurlu alınır. Məsələn:
Hələ bir tərəfə qalsın çarlığı,
Elə oliqarxlıq, inhisarlığı
Milyonlar gətirir, lap tuzlaşırdı,
Arzu-imkanları tam uzlaşırdı.
Və ya:
Mənimsə hobbimdir, bundan doymaram,
Saydıqlarımdan birində uduzsam.
Adımı dəyişib ulaq qoymaram.
Yaxud:
Ən məşhur, sonuncu dəblə geyirdi,
Ot-mot nədir, delikates yeyirdi.
Və yaxud da:
Nə alacəhrəyəm, nə torağayam,
Mən bir meqastar, məşhur qarğayam.
Digər bir maraqlı cəhət də Adəmin təmsillərində dialekt, şivə sözlərinə meydan verilməsindən ibarətdir. Dialekt sözləri ədəbi dili zənginləşdirir. Bu mənada Adəmin təmsillərində dialekt nümunələrindən yerli-yerində sənətkarlıq məharəti ilə istifadə edildiyini böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm:
“Pinqvinin indi işi xod gedirdi”; “Gözəsindən su içərkən bulağın”; “Bataqlıq çəkirdi onu cənginə”; “Qarama, lıqqa çatınca ənginə”; “Yumbalandı, dığırlandı, sürüşdü”; “Çatıb bataqlığa guppadan düşdü”; “Ki durduğu yerdə yaman gicləyib”; “Qartalın üç pompul balası vardı”; “Onda olmayansa məndə ha çoxdur” və s.
Başqa bir misal:
Güclülər,gücsüzün olub qalanın
Qorxudub, aldadıb əlindən alır,
Çalmaq nədir, əjdaha tək hopp udur.
Kitabın ikinci bölümünü hekayələr təşkil edir. Bildiyimiz kimi, Azərbaycan nəsrində hekayə janrı özünəməxsus yer tutur. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Mir Cəlal kimi böyük sənətkarlar bu janrın kamil nümunələrini yaratmışlar. Adəm müəllimin hekayə yaradıcılığında hər şeydən əvvəl, Mirzə Cəlil nəfəsi hiss olunur. Bu sənət əsərləri həcmcə kiçikdir, amma məzmunca dərin, dolğun, düşündürücüdür. Bu hekayələrin bir çoxu məişət mövzusundadır, gündəlik həyatımızda rast gəldiyimiz hadisə və mənzərələri təsvir edir, realist boyalarla verir, bəlkə də bunların bir çoxu elə olmuş əhvalatlardır, müəllifin həyati müşahidələrinin məhsuludur. Amma müəllif o əhvalatları bədii təxəyyül süzgəcindən keçirmişdir.
“Muştuluq” adını daşıyan hekayələr bölümündə müəllifin bir neçə yaddaqalan, oxunaqlı hekayəsi verilmişdir. Yazıçı “Muştuluq” hekayəsində bu məfhumun 1991-1992-ci ildəki məzmununu müqayisə edir.1991-ci ildə binadakı mənzillərə su veriləndə, maaş veriləndə camaat bir-birini muştuluqlayırdı. İndi isə müstəqil dövlətimiz iqtisadi cəhətdən inkişaf etdikcə xalqın rifah halı da yaxşılaşır. Bununla əlaqədar muştuluğun mahiyyəti də dəyişib. Bu məsələlər hekayədə bədii şəkildə real faktlarla dilə gətirilir. Sənətkarın “Avara”, “Mənölüm”, “Yuxu”, “Mərc”, Səhvlər”, “İstirahət günü” hekayələri də bu qisimdəndir. “Kim nə hayda” hekayəsi öz ədəbi yozumu, mahiyyəti ilə xüsusən seçilir: Bina sakinləri həyətdə toplaşıb qonşu uşağın tamaşa etdiyi “Balıqçı və qızıl balıq” cizgi filmini müzakirə edirlər və ortaya belə bir sual çıxır: Sənin sehirli qızıl balığın olsa idi, ondan nə xahiş edərdin? Biri ev istəyir, biri maşın istəyir və s. Axırda qonşular uşaqdan soruşurlar: sən nə istəyərdin? Bu kiçik məktəbli suala daha mənalı cavab verir: Mən balığa deyərdim, elə eləsin ki, ermənilər Qarabağdan çıxıb getsinlər, müharibə qurtarsın, qonşumuz Altaygil öz evlərinə getsinlər.
Lətifələr ədəbiyyatımızın xüsusi bir növünü təşkil edir. Bəziləri bunu şifahi xalq yaradıcılığı ilə-folklorla bağlayır. Mənbəyini Molla Nəsirəddin lətifələrindən götürən bu nümunələr xalqın iti ağlından, obrazlı təfəkküründən xəbər verir. Lətifələr insanda hazırcavablıq, xoş ovqat yaradır. Kitabın böyük bir hissəsini lətifələr təşkil edir. Bu da təsadüfi deyil. Adəm müəllim çox söhbətcil, səbirli, həyatsevər, yumorlu insandır. Xoş və şirin söz-söhbəti ilə, nazik rəftar və davranışı, natiqlik qabiliyyəti, bəlağətli danışığı ilə adamın qəlbinə girir, onun rəğbətini qazanır. Söz sərrafı Adəm müəllim bu lətifələri də böyük həvəslə, böyük səbir və zəhmətlə, işgüzar şəkildə müxtəlif qaynaqlardan, ictimaiyyətdən toplayıb, bəzilərini isə özü düzəldibdir. Müəllifin doğru olaraq qeyd etdiyi kimi, həyatda elə hadisələrə rast gəlirsən ki, elə lətifə kimidir. Kitabda lətifələr müxtəlif mövzularda olduğu üçün tərtibatçı onları qruplara ayırmışdır. Bu lətifələrin bir qismi üçün o Molla Nəsirəddin kimi Zeyməd adlı personaj da yaratmışdır.
Beləliklə, Adəm Asnının “Ovqat” kitabı ədəbiyyatsevərlərə layiqli töhfədir.
Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor