05 aprel 2017 19:23
240

Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilir

Aprelin 5-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda cari məsələlər müzakirə edilir.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək gündəlikdəki məsələlər haqqında məlumat verib. Bildirib ki, gündəliyə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi və “Kabel şəbəkəsi yayımı haqqında” Qanun layihəsi daxildir.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təyin edilməsi məsələsinə baxılıb. Rafael Hüseynov bildirib ki, İTV-nin Yayım Şurasına üzv kimi iclasda Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovun namizədliyi irəli sürülüb.

Sonra namizədlərin plenar iclasa tövsiyə olunması üçün səsvermə keçirilib.

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilir. Layihədə Azərbaycanda kabel şəbəkəsinin yayımı ilə bağlı yeni müddəalar əksini tapıb.