Müsahibimiz Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, tanınmış xanəndə Ehtiram Hüseynovdur
- Ehtiram müəllim, muğam insanın ruhunu oxşayan, onun psixologiyasına təsir göstərən unikal musiqidir. Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir ki, hazırda nəinki yaşlı nəsildə, hətta gənclərdə belə mənəvi sərvətimiz olan muğama maraq artmaqdadır...
- Bəli, Azərbaycanda dövlət səviyyəsində muğama qayğı var. Bunun da nəticəsində nəinki orta nəsildə, hətta gənclərdə də bu sənətə maraq qat-qat artıb. Artıq 10 ildən çoxdur ki, Azərbaycanda milli musiqiyə, milli mənəvi dəyərlərə, xüsusilə muğama diqqət göstərilir. Dövlət tərəfindən, ələlxüsus Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycan muğamına həsr olunmuş “Muğam ensiklopediyası” nəşri hazırlandı. Eyni zamanda “Qarabağ xanəndələri” albomu da muğamsevərlərin ixtiyarına verildi ki, bu da Qarabağ muğam ifaçılığı məktəbinə mənsub görkəmli Azərbaycan xanəndələrinin səs yazılarını əhatə edir. Alboma XX əsrin əvvəllərində fəaliyyət göstərən xanəndələrin qrammofon vallarında qorunub saxlanılan ifaları ilə yanaşı, bu məktəbin ənənələrini davam etdirən orta və gənc nəsil xanəndələrinin ifalarında muğamlar, təsnif və xalq mahnıları daxil edilib.
Yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən etibarən hər iki ildən bir Muğam televiziya müsabiqəsi keçirilir. 2009-cu ilin martında Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı baş tutdu. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilir, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunur.
Dünənin muğam müsabiqəsi iştirakçıları, qalibləri bu gün artıq Azərbaycan Milli Konservatoriyasında, musiqi kolleclərində dərs deyirlər, gənclərə muğamın sirlərini öyrədirlər.
- Muğam müsabiqələrinin gənclərin, o cümlədən sizin həyatınızda rolunu necə dəyərləndirirsiniz? Siz özünüz də Muğam televiziya müsabiqəsinin iştirakçısı olmusunuz...
- 2007-ci ildə televiziya vasitəsilə elan verildi. Mən də müsabiqədə iştirak etmək qərarı verdim və şükürlər olsun ki, iyirmiliyə düşə bildim. Bildiyimiz kimi, Muğam televiziya müsabiqəsində SMS səsverməsi yoxdur. Müsabiqədə sona qədər qalmaq sırf iştirakçının özündən asılıdır. Səs varsa, onun üzərində işləyib əziyyət çəkib bəhrəsini görmək mümkündür.
- Artıq təsdiq olunmuş faktdır ki, muğam hər bir azərbaycanlının genində var. O zaman muğam təhsili almaq, nəzəriyyəyə yiyələnmək vacibdirmi?
- Əlbəttə, təhsil vacibdir. Təhsilsiz xanəndə tam olmur. Düzdür, qulaq asıb öyrənmək də olur. Xanəndəlik sənətində həmişə öyrənmək lazımdır. Bir xanəndənin ifasında muğama min dəfə qulaq asırsan və hər dəfə də yeni nə isə öyrənirsən. Təhsilsiz xanəndələrimiz də olub. Lakin onlar hansısa ustaddan fərdi şəkildə dərs alıblar.
- Nə üçün məhz muğam?
- Uşaqlıqdan xanəndə olmaq istəmişəm. Heç vaxt ağlıma gəlməyib ki, hansısa başqa sənətin sahibi olum. Özümü dərk edəndən bu sahəyə meyilli olmuşam. Hər şey təbii ki birdən-birə baş vermədi.
- Təhsildən söz düşmüşkən, bir qədər də tələbələrinizdən danışaq...
- Sumqayıt Musiqi Kollecində işləyirəm. Çalışıram bir zamanlar öyrəndiklərimi indi də tələbələrimə öyrədim. Əvvəl də vurğuladığım kimi, indi gənc nəsildə muğama maraq, həvəs olduqca yüksəkdir.
- Muğam ruhun qidasıdır. Bəs hansı muğam daha çox sizin ruhunuzu “qidalandırır”?
- Mən muğamların arasında fərq qoymuram. Yerindən, məkanından, əhval-ruhiyyədən asılıdır. Görürsən, elə əhvalda oluram ki, “Segah” və ya “Bayatı-Şiraz” oxuyuram. Muğam həm tərbiyə, həm də mədəniyyətdir. Fikir verin, muğam ifaçıları həmişə seçiliblər. Öz oturuşları, duruşları, geyimləri ilə daim fərqlənirlər. Bu da muğamda olan əzəmətdən, milli mənəvi dəyərlərə sadiqlikdən irəli gəlir.
- Yaradıcılığınızda hansı yeniliklər var? Yaxın zamanlarda dinləyicilərinizi nə ilə sevindirəcəksiniz?
- Aprel ayının 1-də Macarıstanda festival keçirildi. Festivalda dünyanın 40-a yaxın ölkəsindən musiqiçilər vardı. Biz də orada iştirak etdik. Böyük sənətkarlarımız Malik Mansurov, Elşən Mansurov, nağarada isə Ramin Abdullayevin müşayiəti ilə çıxış etdik.
Aprel ayının 26-da Beynəlxalq Muğam Mərkəzində “Rast” dəsgahı adlı muğam axşamı keçiriləcək. “İki sahil”in oxucularını da dəvət edirəm. Buyurub gələ bilərlər.
May ayında yenə Çin Xalq Respublikasına yola düşəcəyik. Orada Yeganə Axundovanın rəhbərliyi altında Ələkbər Ələkbərov, Elşən Mansurov və mən “İpək Yolu” festivalında iştirak edəcəyik.
Şəmsiyyə Əliqızı, Günel Eyyubova,
Vüsal Cahanov(foto) “İki sahil”