Aprelin 6-da təqdimatı baş tutan dedektiv dram janrında çəkdiyi “Sara” filmi ilə müasir Azərbaycan kinosu tarixinə adını yazdırmağa çalışan gənc aktyor və rejissor Elvin Əhmədov “İki sahil” qəzetinə həm yaradıcılığından, həm müasir kino sənətimizə münasibətindən, həm də yenicə izləyicilərin ixtiyarına verilmiş “Sara” filminin çəkilişlərindən danışdı.
- Sizi gənc aktyor kimi təqdim etdim. Qısa vaxtdır ki, bu sahədəsiniz. Ona görə də düşünürəm ki, hələlik özünüz haqqında ən yaxşı təqdimatı elə siz verə bilərsiniz.
- Doğrudur. Deyirlər ki, öncə insan adı üçün çalışır, bir müddət sonra artıq sən heç nə etməsən də olar, çünki ad səni yüksəldəcək. Dediyiniz kimi, gəncəm və kino sahəsində addımlarımı yeni-yeni atmağa başlayıram. 1990-cı ilin fevral ayında Salyan rayonunda anadan olmuşam. 2010-cu ildən kino sahəsindəyəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında təcrübə keçdim. Əvvəl “Tərsinə çevrilən dünya”, daha sonra isə “Dolu” filminin çəkilişlərində iştirak etdim.
Bildiyiniz kimi, “Dolu” filmi Qarabağ həqiqətlərindən bəhs edən tarixi bir filmdir. Eyni zamanda insanların diqqətini çəkən, çəkiliş prosesi ağır, ümumilikdə böyük məsuliyyət tələb edən bir ekran əsəridir. Açığı bu filmdə rejissor köməkçisi vəzifəsini icra edirdim. Çəkilişlər zamanı təsadüfən mənə də rol verildi. Özümü həm də aktyor kimi sınamaq fürsəti əldə etdim, hətta baş rollardan birini canlandırdım. Filmin təkcə Bakıda yox, regionlarımızda, eləcə də bir neçə xarici ölkədə təqdimatı keçirildi. Bu baxımdan “Dolu” filminin yaradıcılığımda mühüm rolu var. Bildiyiniz kimi, 2013-cü ildə cənab Prezident İlham Əliyev ölkəmizdə teleserialların çəkilməsinə, bu sahənin inkişafına dəstək məqsədilə Sərəncam imzaladı və bu sahəyə dövlət tərəfindən vəsait ayrıldı. Nəticədə bir-birinin ardınca yeni seriallar çəkilməyə başlandı. Bu serialların bir neçəsində də özümü aktyor kimi sınadım. Nəhayət, 2015-ci ildə öz filmimizi çəkdik və mən ilk dəfə müstəqil rejissor kimi filmi ərsəyə gətirdim.
- İstərdim oxuculara ilk filminiz haqqında məlumat verəsiniz.
- “Sara” filminin çəkilişlərinə 2015-ci ilin yay aylarında başladıq. Çəkilişlər bir ildən artıq davam etdi. Filmin təqdimatı bu il aprelin 6-da reallaşdırıldı. Həqiqətən kino maraqlı olduğu qədər çətin, məsuliyyət tələb edən bir sahədir. Filmin uğurlu alınması üçün aktyor, rejissor, operator, bir sözlə, kamera arxasında olan hər kəs öz işinin məsuliyyətini dərk edərək çalışmalıdır. Kino bir komanda işidir. Əgər həqiqətən də ortada uğurlu film varsa bu, təkcə bir nəfərin əməyi hesabına başa gəlmir.
Quruluşçu rejissor kimi ilk işim olduğundan həm həyəcanlı, həm də məsuliyyətli idim. Çalışdım ki, üzərimə düşən vəzifəni layiqincə yerinə yetirə bilim. Yəqin ki, tamaşaçılar filmi izləsələr görəcəklər ki, həqiqətən də ortada komanda əməyi var.
- İlk film və dedektiv dram janrı. Nəyə görə məhz dedektiv dram? Bu gün insanların əsas marağı komediya filmlərinədir. “Filmin izləyici kütləsi az ola bilər” ehtimalı qorxutmadımı sizi?
- Bəli, film dedektiv dram janrındadır. Haqlısınız, bu gün həqiqətən də komediya filmlərinə ciddi maraq var. Amma filmi çəkərkən onun sabahını düşünmürdüm. Mənim üçün əsas iş prosesi, filmi istədiyim formada ərsəyə gətirmək idi. Elə filmlər var ki, onlar təqdim edildikləri vaxtdan xeyli müddət sonra şöhrət qazanırlar. Kino yaradıcı bir işdir. Bu işdə zaman və məkan o qədər də mühüm rol oynamır əslində. Ona görə də düşünürəm ki, düzgün yolda irəlilədim.
- Filmin süjet xətti haqqında məlumat versəydiniz pis olmazdı.
- Bir il əvvəl həyat yoldaşını müəmmalı şəkildə itirən Saranı bir nəfər narahat edir. Sara tanınmış iş adamının gəlinidir. Oğlunu itirən ata - Cavanşir müəllim gəlininə daha çox bağlanır və onu qızı kimi çox sevir. Cavanşir müəllim yaxın dostu, polkovnik Cəbrayılovun dəstəyi ilə ehtiyatda olan hərbi kapitan Bəxtiyar Əliyevə şəxsən müraciət edir ki, qızı qorusun və narahatlığa səbəb olan insan zərərsizləşdirilsin. Hadisələrin bundan sonra necə cərəyan edəcəyini istərdim tamaşaçılar özləri izləyib görsünlər.
- Şübhəsiz ki, filmin uğur qazanmasında aktyor heyətinin də mühüm rolu var. Hansı aktyorlarla işlədiniz?
- Doğrudur. Aktyorun üzərinə düşən vəzifələr həqiqətən də çətin və məsuliyyətlidir. Bəzən filmin süjet xətti izləyiciyə maraqlı gəlməyə bilər, amma aktyorun peşəkarlığı onu ekrana bağlaya bilər. Bu baxımdan aktyor seçiminin uğurlu olmasına da çalışdıq. Saranın qayınatası - Cavanşir rolunu respublikanın Xalq artisti Rasim Balayev canlandırıb. Polkovnik Cəbrayılov rolunda Əməkdar artist Qurban İsmayılov, general Zeynalov obrazında isə Əməkdar artist Fuad Osmanov oynayıb. Eyni zamanda başqa istedadlı aktyorlarımız - Rövşən Ağayev, Xose Bernardo, Aysel Nazim də filmin aktyor heyətindədirlər. Sara rolunu isə Duyğu Bədəlova canlandırıb. Filmin ssenari müəllifi gənc dostumuz Fərəc Süleymanov, quruluşçu operator Rüstəm Ağazadədir.
- Aktyor sənəti insanlara həm maraqlı, həm də məşhurlaşmağın asan yolu kimi görünür. Sizin üçün aktyor olmaq nə deməkdir?
- Əslində, mənim ixtisasım rejissorluq olub. Təsadüf nəticəsində özümü aktyor kimi sınadım və ətrafdan müsbət rəylər alandan sonra fikirləşdim ki, niyə də aktyor olmayım. Aktyorluq çətin, məsuliyyətli sənətdir. Həmçinin aktyorluq müqəddəs sənətdir. Əgər sənə həvalə olunan rolun öhdəsindən layiqincə gəlirsənsə, bu, həm sənin, həm də filmin uğurudur. Şərt o deyil ki, aktyor ancaq baş rol oynasın. İstedadlı aktyor özünü istənilən rolda sübut edə bilər. Səhnəmizin həqiqətən də istedadlı, bacarıqlı aktyor, aktrisaları çox olub. Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verən aktyorlarımız bu gün də var. Təbii ki, onlar qədər bu sənətdə olmaq, Azərbaycan kinosuna xidmət etmək mənim üçün böyük qürur ola bilər.
- Valideynlərinizin sənətinizə münasibəti necədir? Filminizi necə qiymətləndirdilər?
- Əslində bu sənətlə məşğul olacağımı deyəndə uzun sürən bir etirazla qarşılaşmadım. Açığı, fikrimə birmənalı da yanaşmadılar. Amma indi gördüyüm işləri bəyənirlər, qiymətləndirirlər. Bəlkə də fikirləşiblər ki, bacarmaram, amma ərsəyə gətirdiyim işi görəndən sonra deyiblər ki, əslində düzgün seçim etmişəm. Həm də ətrafımda olan, eyni zamanda, tanımadığım insanlardan da özümə çox yaxşı münasibət görmüşəm. Düzdür, fəaliyyətimə hələ təzə-təzə başlayıram. Amma indiyə qədər tamaşaçıdan məndə ruh düşkünlüyü yaradan, həvəsdən salan mənfi rəylər eşitməmişəm.
- Özünüzü teatr aktyoru kimi də sınamaq fikriniz varmı? Ümumiyyətlə, kino, yoxsa teatr aktyoru olmaq daha çətindir?
- Düşünürəm ki, teatr daha çox iş, məsuliyyət, istedad tələb edən bir sahədir. Hələ ki, özümü teatr səhnəsində sınamamışam. Hərdən kino aktyorlarına elə gəlir ki, teatrda rol almaq asandır, çünki onlar artıq kameraya öyrəşiblər. Kamera isə elə bir vasitədir ki, onu görən istənilən adamda ilk baxışda həyəcan yaradır. Onun qarşısında sınaqdan keçən aktyor özünü professional sayır. Amma eyni aktyor teatr səhnəsinə çıxanda əslində elə olmadığının fərqinə varır. Teatr tamam başqa bir sahə, canlı sənətdir.
- Yəqin ki, özünüzə kumir seçdiyiniz aktyorlarımız var.
- Əksər filmlərimizi, aktyorlarımızın ifalarını izləmişəm. Düşünürəm ki, Azərbaycanın həqiqətən də istedadlı, öz işinin vurğunu olan, kino və teatrda illər keçsə belə unudulmayan rollar yaradan aktyorları olub və var. İnsan izlədikcə onların hərəsindən bir şey öyrənir. Ona görə də konkret ad çəkmək istəmirəm. Düşünürəm ki, birinin adını çəksəm digərinə haqsızlıq olar. Mən hələ də aktyorlarımızın fəaliyyətlərini izləyir, onlardan çox şey öyrənirəm.
- Dünya film istehsalçılarının yaradıcılıqlarını izləyirsinizmi?
- Əlbəttə. Bu, həm də mənim yaradıcılığım üçün vacibdir. Amerika və Fransa film istehsalçılarının işləri diqqətimi daha çox cəlb edir. Nə vaxtsa mənim çəkdiyim filmlərin də dünya miqyasında məşhurlaşmasını çox istəyirəm. Hələ gəncəm, düşünürəm ki, bunun üçün çalışmaq və qarşıya qoyulan hədəflərə vaxt itirmədən çatmaq lazımdır.
- Son olaraq istərdim oxucularımıza gələcək planlarınızdan danışasınız. Tamaşaçılar sizi daha hansı işlərinizlə görəcəklər?
- Həqiqətən də planlar və məqsədlər çox, hədəflər yüksəkdir. Doğrudur, “Sara” filminin təqdimatını Bakıda gerçəkləşdirdik. Hazırda qarşıda duran birinci plan filmin regionlarımızda təqdimatını təşkil etməkdir. “Dolu” filminin rayonlarda təqdimatını edərkən bir reallığın şahidi oldum ki, bölgələrimizdə kinoya ciddi maraq var. Amma bəzi rayonlarımız var ki, insanların marağı olmasına baxmayaraq, kino təqdimatl üçün şərait yoxdur. Komanda olaraq çalışacağıq ki, çətin bir iş olsa da rayonlarda filmimizin təqdimatını keçirək. Daha sonra yeni filmlər, rollar olacaq. Həmçinin filmimizin bir neçə xarici ölkədə yayımlanması da nəzərdə tutulur.
Şəfiqə Dadaşova, “İki sahil”