28 aprel 2017 22:22
472

Beynəlxalq təşkilatların rəhbərləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək

Mayın 4-dən 6-dək Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun baş direktoru İrina Bokova, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Maykl Kristides, IRCICA-nın baş direktoru Halit Eren, Ərəb Maqreb Birliyinin baş katibi Tayeb Bakkos, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov iştirak edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək.

Forumun iki ildən bir təşkili və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti 2011-ci il mayın 27-də Fərman imzalayıb.