Mayın 4-dən 6-dək UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə Bakıda keçiriləcək “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Mali Respublikasının prezidenti İbrahim Boubacar Keita da iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Forum çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcək.
Ümumilikdə beynəlxalq tərəfdaşlarla birgə 40-dək sessiya və tədbir reallaşacaq.