05 may 2017 16:01
440

Milli Arxiv İdarəsi Qazaxıstanla arxiv işi sahəsində əməkdaşlıq edəcək

Milli Arxiv İdarəsi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.

“Sözügedən saziş Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və yaxın dostluq əlaqələrini daha da inkişaf etdirmək, həmçinin arxiv işi sahəsində bir-birinin təcrübəsindən faydalanmaq, habelə mövcud əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Astana şəhərində imzalanıb. Bu əməkdaşlıq sazişi tərəflərin milli arxiv fondlarını hər iki ölkə xalqlarının tarixi və mədəniyyətinə aid məlumatı əks etdirən sənədlərlə zənginləşdirməyi, arxiv sənədlərindən istifadə etməklə hər iki dövlətin vətəndaşları və təşkilatlarının sorğularını icra etməyi, milli qanunvericiliklərinə müvafiq olaraq dövlət arxivinin fondları, elmi-məlumat aparatının nəşr olunmuş və ya olunmamış materialları ilə işləməsinə imkan yaratmağı, o cümlədən qarşılıqlı maraq doğuran arxiv sənədləri nəşrlərinin mübadiləsini nəzərdə tutur”,- deyə N. Eminov bildirib.