Culfada istedadlı qadınların rəsm və əl işlərindən ibarət satış-sərgisi təşkil edilib.
Naxcivantv.az xəbər verir ki, sərgidə rayon üzrə 40 istedadlı qadının sulu və yağlı boya ilə tabloları, milli geyimləri, toxuculuq və bir-birindən maraqlı dekorativ tətbiqi sənət nümunələrindən ibarət 450 rəsm və əl işlərinin nümayişi və satışı təşkil edilib.
Satış sərgi 3 gün müddətinə davam edəcək.
Tədbirdə çıxış edən Culfa rayon icra hakimiyyətinin başçısı Şükür Babayev bildirib ki, sərginin təşkil edilməsində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə çatdırmaqdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Culfa rayonunda yaşayan qadınlar da dövlət quruculuğunda, ictimai, həyatda fəal iştirak edir, muxtar respublikamızın sosial-mədəni inkişafına öz töhfələrini verirlər.
Sonra satış sərgiyə baxış olub.
Qeyd edək ki, muxtar respublikanın rayonlarında qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar artıq 2 ildir təşkil olunur. Yaradıcı insanların zəhmətlərinin qiymətləndirilməsinə xidmət edən bu sərgi-satışlar milli dəyərlərimizin yaşadılmasına bir töhfədir.