“Əlil qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsinin təşkilatçılığı ilə “Xəmsə” Park Ticarət və Əyləncə Mərkəzində yaradıcılıq imkanları ilə seçilən əlilliyi olan 10 istedadlı gənc qadının əl işlərindən, rəsm nümunələrindən ibarət satış-sərgisi təşkil edilib.
“Əlil qadınlar” Cəmiyyətinin Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova AZƏRTAC-a bildirib ki, satış-sərginin təşkilində məqsəd cəmiyyətin ən çox qayğıya ehtiyacı olan əlil vətəndaşlarının sosial vəziyyətini və maddi rifahını yaxşılaşdırmaq, eləcə də onların bərabərhüquqlu üzv kimi yaşayışını təmin etməkdən ibarətdir.
Cəmiyyətin 2002-ci ildən fəaliyyət göstərdiyini deyən Elmira İsmayılova qeyd edib ki, hazırda Gəncə şəhərində yaşayan 9 min əlil qadından 3 min 229 nəfəri təşkilatın üzvüdür. “Əlil qadınlar” Cəmiyyəti mütəmadi olaraq müəyyən istedada və bacarıqlara malik əlil qadınların əl işlərindən ibarət satış-sərgisini təşkil edir.
Sonda insanlar satış-sərgidə nümayiş olunan 200-dən çox əl işlərinə baxıb, həmçinin yaradıcılıq nümunələrini almaqla, əlillərə maddi dəstək göstəriblər.