İyunun 30-da “Azərbaycan” kinoteatrında “Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017”nin təntənəli açılışı mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Space” müstəqil telekanalı ilə Heyluntszyan televiziyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
“Space” telekanalının rəhbəri, Avrasiya Televiziya Akademiyasının birinci vitse-prezidenti, Azərbaycanın Xalq Artisti Vaqif Mustafayev mərasimdə çıxış edərək Azərbaycanla Çin arasında əməkdaşlığı yüksək qiymətləndirib.
V. Mustafayev qeyd edib ki, bu layihə Azərbaycan reallıqlarının daha geniş coğrafi arealda və daha geniş auditoriyaya çatdırılmasına xidmət edəcək.
“Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017”nin təntənəli açılış mərasimindən sonra “Sağlamlıq aləminə səyahət” adlı sənədli filmin təqdimatı olub.
Qeyd edək ki, iyunun 30-dan iyulun 4-dək “Azərbaycanda Heyluntszyan televiziyası həftəsi – 2017” çərçivəsində Azərbaycan dilinə tərcümə olunmuş daha beş Çin filmi nümayiş etdiriləcək.