11 iyul 2017 16:19
3261

Həzin duyğulu rəssamın rənglər dünyası

Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür. Rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin  ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir. Bu sənətin vurğunu olan, rənglərin dili ilə danışan, ömrünü-gününü rənglərə bağlayan rəssamlardan biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevadır. Onun sənət əsərlərində rəssamın xəyal dünyası, qəlbinin istəyini rənglərin dili ilə büruzə verməsi özünü göstərir. Tablolar insanı gələcəyə xoş ümidlərə səsləməklə yanaşı, həm də nostalji hisslər oyadır. Daim yaradıcılıq axtarışları, yuxusuz gecələr keçirən Həbibə xanımla  həmsöhbət oldum.

- Həbibə xanım, rəssamlığa olan marağınız hansı zərurətdən yaranıb?

- Rəssamlığa meyil məndə hələ kiçik yaşlarımdan yaranıb. Doğulduğum Şahbuz rayonunun Külüs kəndinin əsrarəngiz təbiət gözəllikləri, yamaclarında qoyun-quzu mələşən dağların şux qaməti, mərcangözlü Batabatın füsunkarlığı, Zorbulağın zümzüməsi məni daim rəsm çəkməyə vadar edib. Bu işdə valideynlərimin köməkliyi az olmayıb. Onların sayəsində rəssam həmyerlilərimizlə əlaqə saxlamış, sənətin sirlərini öyrənməyə nail olmuşam. Bilirsiniz ki, Şahbuz rayonunun Külüs kəndi rəssamların vətəni hesab olunur. Bu kəndin tanınmış rəssamlarından Azərbaycan təsviri sənətində öz izlərini qoymuş Fəxrəddin Qəhrəmanov, Rəsul Xəlilov, Kirman Abdin, Telman Abdinov və başqalarının adlarını çəkə bilərəm. Onların yaratdığı sənət nümunələri məndə sənətə olan marağı daha da artırdı. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət və rəsmxətt ixtisasına daxil oldum. Tələbəlik illərimdə  əlimdə fırça olmadan vaxt keçirə bilmirdim.

- Əgər rəssam fitri istedadına güvənib axtarışda olmursa, bu nə ilə nəticələnər?

- Qabiliyyət əsas şərtdir. Qabiliyyət Tanrının mükafatıdır. Bundan əlavə, bacarığı olan hər bir gəncin bu sənətə dərin sevgisi, rəssamlıq ruhu olmalıdır. İstedad təkcə rəsm çəkməklə tamamlanmır, burada həm də elm, ruh, sevgi, vəhdət olmalıdır. O zaman mükəmməl bir rəsm əsəri yaratmaq mümkün olar. Elə insanlar var ki, qabiliyyəti ilə arxayınlaşır, unutmaq olmaz ki, bu sona qədər davam edə bilməz. Yaradıcı insan daim axtarışda olmalıdır, həm nəzəri, həm də texniki cəhətdən. Sənətə sevgi yoxdursa qabiliyyət də get-gedə zəifləyəcək.

- Sizin tamaşaçı zövqünü oxşayan sənət əsərləriniz özünəməxsus özəlliyi ilə maraq çəkir. Məhz bu səbəbdən də AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli yaradıcılığınızı yüksək qiymətləndirib: “Həbibə Allahverdiyeva rəssamlıq sənətində realist romantik üslubda əsərlər yaradan istedadlı fırça ustasıdır. Onun əsərlərində həyatın obyektiv dərkini, real mənzərəsini görmək mümkündür. Rəssamın əsərləri ağ rənglər arasındakı mənzərəni, çaları özündə əks etdirir. O, həm təbiətdəki, həm də insandakı zərifliyi bütün parlaqlığı ilə tərənnüm etməyi bacarır.”

- Bəli, mən birinci kursda oxuyanda akademik İ.Həbibbəyli universitetin rektoru idi. O, auditoriyaya daxil oldu və mənim adımı çəkdi ki, qabiliyyət imtahanında istedadlı bir tələbə var idi. Onun çəkdiyi əl işi mənim yadımda qalıb. O, sonra əlavə etdi ki, bundan sonra da sənin fəaliyyətini görmək istəyirəm. İnanıram ki, universitetin həm ictimai, həm də elmi mühitində fəallıq göstərəcəksən. Əlbəttə, bu sözlər mənə böyük stimul verdi. Dördüncü kursda oxuyanda Naxçıvan Dövlət Universitetində ilk fərdi sərgim keçirildi. 2008-2011-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda növbəti sərgim baş tutdu. Və burada da, İsa müəllim dəyərli fikirlərini bildirdi.

- 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” adlı fərdi sərginiz təşkil olundu. Sərgi haqqında fikirlərinizi bilmək bizim üçün maraqlıdır.

- Bəli,  8 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda keçirilən sərgim maraqla qarşılandı. Azərbaycanın qədim tarixini, tariximizin yadigarı olan Naxçıvanın mədəniyyətini, inkişafını rənglərin dili ilə göstərməyə çalışmışdım. Sərgidə ulu öndər Heydər Əliyevin kompazisiyalı portretləri yer almışdı. Ulu Naxçıvanımızın qədim tarixini, milli mənəvi dəyərlərimizi təbliğ etmək əsas ideyam idi. Sərgidə muxtar respublika türk-islam mədəniyyət nümunələri, Əshabi-Kəhf ziyarətgahı rənglərin dili ilə tamaşaçılara çatdırıldı. Digər bir əsərim “Azərbaycanın sönməz günəşi” adlanır. Bu portreti ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinə həsr etmişəm. Həqiqətən Heydər Əliyev Azərbaycanı parçalanmaqdan xilas etdi. Xalqımız işıqlı gələcəyə doğru addımladı. Əsərdə günəşdə olan isti rənglərlə, rəng kaloriti  ilə onun işıqlı əllərini göstərməyə çalışmışam. Digər kompazisiyalı portretlər isə “Türk dünyasının liderləri” adlanır. Burada həm M.K.Atatürkün, həm də fenomenal şəxsiyyət Heydər Əliyevin portreti təsvir olunub. Türkçülüyün simvolu olan göy rəngdə dərin köklərə malik nəhəng gövdəli ağac təsvir etmişdim. Bu da bizim soy -kökümüzün qədimliyindən, türk dünyası liderlərinin bir-birinə köməkliyindən xəbər verir. Mavi rəngli ağacın budaqlarını məhz türk dövlətlərinin bayrağında olan simvolik rənglərlə bildirmək istəmişəm. Köklərdə isə bir tərəfdə qədim Naxçıvan torpağını, digər tərəfdə isə Azərbaycan torpağını müxtəlif cizgilər ilə fonda vermişdim. Heydər Əliyev ideyalarının uğurlu davamçısı Prezident İlham Əliyevin kompozisiyalı portreti sərgidə yer almışdı. Prezidentin bütöv təsviri fonunda Bakı şəhərinin mənzərəsini canlandırmışdım.

- Bəs, Azərbaycan Rəssamlar İttifaqının  Vəcihə Səmədova adına sərgi salonunda keçirilən sərginiz insanlarda hansı təəssüratı yaratdı?

- Bakı şəhərində keçirilən sərgimdə 80-ə yaxın əsərim nümayiş olundu. Burada qədim Naxçıvanın ecazkar təbiət gözəlliklərini rənglərin dili ilə çatdırmağa çalışmışdım. Nuh yurdu Naxçıvan adından da məlumdur ki, peyğəmbər ocağı, müqəddəs məkandır. Burada Naxçıvanın adının tarixi kökünə fikir versək Nuhun adı ilə bağlı olduğunu görə bilərik. Seçdiyim əsərlərdə Naxçıvan abidələri, təbiət abidələri öndə dururdu. Natürmortlarda xalqımızın qədim məişət əşyaları,xalq etnoqrafiyasına bağlılıq, tarixi keçmişimizə bələdçilik oz həllini tapmışdır. Kompozisiyalarımdan ən çox bəyəniləni “Qədim Nuhçıxan” əsəri oldu. Sərginin afişasında, hazırladığımız bukletlərdə də bu öz əksini tapmışdı.

- Həbibə xanım, Prezident İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhəri 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunub. Naxçıvanın tarixini, mədəniyyətini, adət-ənənələrini, mənəvi dəyərlərini özündə əks etdirən çoxlu sənət əsərləriniz var. Bu mövzuya yenidən qayıtmaq, yaratdığınız tabloları təkmilləşdirmək  istəyiniz varmı?

- Hər bir millət, hər bir xalq yaşadığı həyatı əks etdirən sənət əsərlərinə istinad edir. Naxçıvanın həm də qədim sivilizasiyanın beşiyi olduğunu nəzərə alsaq, çox tarixi bir prosesin şahidi olacağımıza əminlik yaranır. Sözsüz ki, mən də türk- İslam mədəniyyət nümunələrinin, dini abidələrin tanıdılması, təbliği ilə bağlı bir sıra işlər görürəm. Çalışıram ki, şəhərimizə gələn qonaqların özləri uçün alacaqları xatirə əşyaları içərisində mənim də rəsm əsərlərim  olsun. Bunun üçün Naxçıvan torpağının qədimiliklə müasirliyinin vəhdətini göstərməyə çalışıram. Görkəmli rəssam B.Kəngərlinin “Nuh Türbəsi” mənzərəsi əsasında, eləcə də tədqiqatlar nəticəsində Nuh peyğəmbərin Naxçıvanda olması təsdiqlənib. Həmin türbə dövlətimiz tərəfindən bərpa edilib. Əsərlərimdə abidələrin müasir görkəmini, əzəmətini təsvir edirəm.

- Sənətsevərlərin sərgi ilə bağlı yekdil qənaəti nədən ibarət oldu?

- Deyilən fikirlərə, rəylərə əsasən maraqla qarşılandı. Tamaşaçılar qeyd edirdilər ki, rənglər daha könülaçandır, mövzular aktualdır. Rəsmlər tək bir süjet xətti istiqamətində deyil, çoxplanlı şəkildə işlənib. Mənzərələr, portretlər,natürmortlar, fəlsəfi mənanı özündə əks etdirib.İsti və soyuq rənglərin harmoniyasının olduğunu da qeyd etdilər. “Naxçıvan etüdləri” daha çox diqqəti cəlb edirdi. Naxçıvan təbiətinin insanda qəribə hiss yaratdığını vurğulayanlar da az deyildi. Kompozisiyalardan ən çox diqqət çəkən “Qədim Nuhçıxan”, “Üçüncü dünyamız”, “İnsan və zaman” idi.

Bəli, rəssam heç vaxt arxayınlaşmamalıdır.Bu sənət ürəyimizin yanğısı, təxəyyülümüzün məhsulu ilə qol- budaq atır. Həqiqi istedad zəhmətlə yoğrulanda möcüzələr yaranır, sənət möcüzəsi.

- Pedaqoji fəaliyyətiniz  işinizə mane olmur ki?

- Xeyr, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasında müəllim kimi fəaliyyət göstərirəm. Tələbələrin gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında üzərimə düşən məsuliyyəti dərindən dərk edirəm. Bizə yaradılan şərait müqabilində borcumuzdur ki, tələbələrə ixtisasın sirlərini dərindən öyrədək.

Adilə Səfərova,

Əməkdar mədəniyyət işçisi