31 iyul 2017 20:04
755

Ramiz Quliyev mükafatlandırıldı

27-30 iyul tarixlərində Kanadanın Toronto şəhərində milli musiqi, kino və teatr beynəlxalq festivalı “Tirqan” (“Tirqan”) keçirilib. “İki sahil” xəbər verir ki, festival beynəlxalq “Tirqan” fondu və “Harbourfront ” mərkəzinin təşkilati dəstəyilə keçirilib. 70-ə yaxın musiqi, rəqs, kino və  teatr layihələrini birləşdirən beynəlxalq forumda ABŞ, Kanada, İran, Türkiyə, Rusiya və digər ölkələrdən dəvət olunmuş görkəmli sənət xadimləri iştirak edib. Onların sırasında Lili Afşar, Nima və Sara Axmadie, Şahu Andalibi,  Oriana Barbato, Pejman Xadadi, Piter Bul, Araş Bexzadi, Tom Frelek,  Lizbet Xelgesen, Maneli Jamal, Y. Jozepin, Anvar Xurşid, Rana Mansur, Xuan Karlos Medrano, Aleksey Orekin, Nikolas Otvey, Alisa Ramsey, Matias Rekarte, Mojqan Şəcərian, Bet Silver, Xitar Sita Blek, Qreem Vales, Rafael Vaynrot-Brovninin adlarını xüsusi qeyd etmək olar.

Festivalın təntənəli açılış mərasimi iyulun 27-də Sufi musiqisinin təqdimatı ilə yadda qalıb (Inner Journey, Sufi Music and Dance). İyulun 28-də rejissor B.Beyzainin “Araş”, Anna Bayatın “Mimi’s Suitcase” tamaşalarının premyerası, həmçinin, M.Şəcərianın rəhbərliyi aldında (ABŞ-İran) məşhur milli musiqi qrupu, Rena Mansurun çıxışı (ABŞ) və digər etnik musiqi gecələri böyük maraq oyadıb. Azərbaycanı beynəlxalq festivalda Respublikanın xalq artisti,  Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, professor, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyev təmsil edib.  İki geniş solo konsert proqramı ilə çıxış edən tarzəni məşhur pianoçu, İCOT Beynəlxalq Musiqi Təşkilatının bədii rəhbəri Mazyar Heydəri (Kanada) və zərb alətləri ifaçısı Əli Məsudi müşayiət ediblər. Torontonun ən böyük konsert salonlarından biri olan “Xarborfront center” teatrının (Harbourfront Center Theatre) böyük zalında gerçəkləşən ilk konsert (29 iyul) anşlaqla keçib. Konsertlərə biletlər artıq bir neçə həftə öncədən satılmışdır. Həmin gecə professor Ramiz Quliyev və kanadalı musiqiçilərin ifasında Azərbaycan musiqisinin ən parlaq nümunələri dinləyicilərə təqdim olunub. Proqramda Azərbaycan bəstəkarları – Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Həsən Rzayevin əsərləri ilə bərabər, Azərbaycan klassik muğamları, xalq mahnıları əsasında improvizasiyalar və dünya musiqisindən parçalar yer alıb.

Hər bir əsərin ifasından sonra dinləyicilər Azərbaycan tarını ayaq üstə alqışlayıblar.

30 iyulda baş tutan ikinci solo konsert – festivalın rəsmi bağlanış mərasimi professor Ramiz Quliyevin 70-lik yubileyinə həsr olunub. Konsertdən öncə Tirqan Festivalının prezidenti Meladid Armanejad tarzəni yubiley münasibətilə təbrik edib və festivalda iştirakına görə təşəkkürünü bildirib.

Çıxışın sonunda Festivalın ən yüksək mükafatı və xüsusi diplomu Ramiz Quliyevə təqdim olunub.

Qeyd etmək lazımdır ki,  5 gün ərzində keçirilən festivalın bütün iştirakçıları həmin bağlanış konsertində dinləyicilər sırasında olublar.

Məhərrəm Ağalaroğlu