01 avqust 2017 23:29
694

“Teatr mənim həyatımdır”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək demişdir: “Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır”.

Əhalinin dünyagörüşunün formalaşmasında mühüm rolu olan Naxçıvan Şəhər” Gənclik” Xalq Teatrı 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlayıb. Teatrın tanınmış simalarından biri də ömrünü bu sənətin inkişafına həsr edən aktyor -rejissor Akif Əsədovdur. O, kiçik yaşlarından teatra maraq göstərmiş, sənətin sirrlərini öyrənmək üçün daim yaradıcı insanların köməyindən bəhrələnmişdir. Aktyor 1974-cü ildə  orta məktəbi bitirdikdən sonra sənədlərini Mədəni-Maarif  Texnikumunun Özfəaliyyət teatr kollektivləri fakültəsinə vermiş və qəbul olmuşdur. Bakı mühiti Akif Əsədovun yaradıcılığına müsbət təsir göstərir. Texnikumda oxuduğu müddətdə korifey sənətkarlardan olan Leyla Bədirbəyli və Səməndər Rzayevin iştirak etdiyi “Tayqa meşəsi” tamaşasına dəvət alır. İlk dəfə Azərbaycan Televiziyasında  göstərilən bu tamaşa onun həyatında əsaslı dönüş yaradır. Tamaşadakı uğurlu roluna görə Azərbaycanın dilbər guşəsinə- Şuşa şəhərinə sanatoriyaya göndərilir.

O, texnikumu bitirdikdən sonra “Gənclik” Xalq Teatrına işə düzəlir. 1978-ci ildə kollektivə xalq teatrı statusu verilir. Teatrın səhnəsində Akif Əsədovun yaratdığı obrazlar teatrsevərlər tərəfindən rəğbətlə qarşılanır.

Müxtəlif illərdə tamaşaya qoyulan “Ezop”, “Bəxtsiz cavan”, “Ölülər”, “Kamança”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” və başqa pyeslər tamaşaçıların marağına səbəb olub . Xalq Teatrının səhnəsində vaxtilə maraqlı obrazlar yaratmış aktyor və aktrisaların çoxu Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb və bu gün də teatr sənətimizə öz töhfələrini verirlər. Onlardan Bəhruz Haqverdiyev, Yasəmən Ramazanova, Şirzad Abutalıbov, Kamran Quliyev və başqalarının adını çəkmək olar.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi Baxşı Qələndərli xalq teatrı ilə əlaqələrini möhkəmləndirir,  dəyərli məsləhətlərini verir, köməkliyini əsirgəmirdi. Belə istedadli insanlarin əhatəsində olan Akif Əsədov  sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir və 1986-cı ildə oranı bitirir. Aktyor bir çox tamaşalara quruluş verir. Onlardan biri də “Şöhrət  ardınca” tamaşasıdır.

Digər tamaşa yazıçı-dramaturq Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasının motivləri əsasında hazırlanmış “Qəşəmin yuxusu” tamaşasıdır. Akif Əsədovun quruluş verdiyi bu  tamaşadakı hadisələr ötən əsrin 30-40-cı illərində cəhalət və xurafatın hökm sürdüyü bir mühitdə baş verir. Dinin əsl mahiyyətini bilməyən, əhalinin cahil və savadsız təbəqəsinin avamlığından faydalanan və müqəddəs dini dəyərlərə kölgə salan, insanların sadəlövhlüyündən istifadə edərək öz mənafeyini düşünən Molla Qılınc əslində din adamı deyil, fırıldaqçı, yalnız özünü düşünən, dini dəyərləri qazanca çevirən bir tipdir.  Molla Qılınc vaxtilə  böyük yazıçılarımızın əsərlərində rast gəldiyimiz fırıldaqçılığı din pərdəsi altında həyata keçirən surətlərin xələfidir.  Molla Qılınc həbsxanadan yenicə azad olunmuş Ataxanı öz təsiri altına salır. Başqa bir obraz Qəşəmdir. Qəşəm (aktyor Akif Əsədov) varına və puluna arxalanaraq çirkin bir əmələ əl atır. Ataxanın arvadı Sərvinazla  ailə qurmaq istəyir. Deməli, bu tip insanlar bu gün də, dələduzluqla məşğul olur, qabiliyyəti oimayanlar başqasını idarə etməkdən zövq alırlar. Tamaşada iştirak edən aktyorlar rollarının öhdəsindən bacarıqla gələrək cəmiyyətdə baş verən ictimai eybəcərlikləri satirik gülüş atəşinə tuta biliblər.

Akif Əsədov yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında hazırlanmış tamaşada yaratdığı Murad obrazı ilə hadisələrin mahiyyətini açmağa çalışıb.

Bəli, doğrudan da istedad  böyük sərvətdir. Bu sərvətin qədrini bilən, daim axtarışda olan Akif Əsədov bundan sonra da yeni-yeni rolların öhdəsindən ləyaqətlə gələcəyinə əmindir. Çünki o, muxtar  respublikanın rayonlarına qastrol səfərləri zamanı yaratdığı  maraqlı obrazlarla tamaşaçı auditoriyasının alqışlarını qazanır.

Ömrünün 61-ci ilinə qədəm qoyan Akif Əsədov deyir ki, muxtar respublikamızda dövlətimiz tərəfindən yaradıcı insanların əməyi qiymətləndirilir. Bu isə mənə böyük qürur verir.Bir zamanlar çətin vəziyyətdə yaşayan maarifpərvər ziyalılar bu sənət ilə insanları cəhalət yuxusundan ayıltmağa səy göstərmişlər.Hər an təzyiq və təqiblərlə üzləşsələr də,əqidələrindən dönməmişlər. Bu gün isə teatr kollektivlərinə yaxşı şərait yaradılıb.Mən bundan sonra da teatrda yaddaqalan obrazlar yaratmağa çalışacam. Necə deyərlər, teatrsız mənim bir günüm olmasın. Teatr mənim həyatımdır.

Adilə Səfərova,

Əməkdar mədəniyyət işçisi