04 avqust 2017 18:04
332

Paytaxt məktəblisi beynəlxalq şahmat turnirinin qalibi olub

Paytaxt məktəblisi Bakıda keçirilən beynəlxalq şahmat turnirinin qalibi olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 269 nömrəli tam orta məktəbin VI sinif şagirdi Xəzər Babazadə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan yarışda birinci yerə layiq görülüb.

Xəzər Babazadə İsveçrə sistemi üzrə doqquz turdan ibarət yarışda 8,5 xal toplayıb.

Turnirdə Bakıdakı 6 nömrəli məktəb-liseyin VII sinif şagirdi Toğrul Əliyev 7,5 xalla ikinci, Naxçıvan məktəblisi Seyid Hüseyn isə yeddi xalla üçüncü yeri tutub.

Yarışın sonunda Xəzər Babazadəyə kubok və medal, digər iki şahmatçıya medal təqdim olunub.

Turnirdə Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən üç qrup üzrə 8-12 yaş arasında 74 şahmatçı iştirak edib.