14 oktyabr 2017 19:12
928

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən sərgi açılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilən sərgi açılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, sərgi Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” müvafiq Sərəncamına əsasən təşkil edilib.

Sərgidə AXC-nin yaranmasını, fəaliyyətini, AXC-nin qurucularının həyatını əks etdirən 50-dək mənbə nümayiş olunur.

Burada AMEA Tarix İnstitutunun AXC-nin Böyük Britaniya arxivində olan sənədlərinə əsasən hazırladığı “Azərbaycan Demokratik Respublikası”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli müstəqilliyin ideya-siyasi problemləri”, “Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin şəxsi heyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, M.Ə.Rəsulzadənin müəllifi olduğu, məqalələrinin və məktublarının toplandığı “Məqalələr və məktublar toplusu” və MEK-in fondlarında olan digər kitablar sərgilənir.

Sərgi 2018-ci ilin sonunadək davam edəcək. Oxucular sərgidəki kitablardan ümumi qaydada - oxucu sorğu-sifarişi əsasında istifadə edə bilərlər.