05 dekabr 2019 21:11
503

AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

Dekabrın 5-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəşlə görüşüb.

Görüş zamanı Türkiyə milli komandasının “Avro 2020”nin final mərhələsinin A qrupunda 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi ilə bağlı məmnunluq hissləri ifadə edən fikirlər səsləndirilib.

Qeyd olunub ki, oyunların məhz Bakıda keçirilməsi türkiyəli azarkeşlərin doğma komandalarını dəstəkləməsi üçün məsafə və atmosfer baxımından daha rahat olacağı bildirilib. Eyni zamanda, ölkəmizdə olan çoxsaylı Türkiyə futbolu azarkeşlərinin sevimli komandalarına doğma meydan əhval-ruhiyyəsi yarada biləcəyi vurğulanıb.

E.Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Ş.Günəş isə öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, “Avro 2020”nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.