25 aprel 2019 17:48
186

Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə səslənir

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında davam etdirilib. Öncə məktəblilərin təqdimatında Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib. Sonra görkəmli oftalmoloq alim haqqında “Zirvələrə yüksələn zərif insan ömrü” filmi nümayiş olunub. 

Çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, hazırda respublikada Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə, zəngin elmi yaradıcılığına həsr olunan tədbirlər, humanitar aksiyalar keçirilir. Onun sözlərinə görə, hər zaman olduğu kimi, bu il də Zərifə xanım Əliyevanın doğum günü təkcə görkəmli alimimizi yad etmək deyil, həm də insanları elmə, biliyə yiyələnməyə, humanist addımlar atmağa, nümunəvi vətəndaş olmağa çağırış mahiyyəti daşıyır: “Azərbaycan xalqı özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz saxlayır. Bu baxımdan, görkəmli alim Zərifə xanım Əliyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya örnəkdir. Ümumiyyətlə, 1923-cü ilin ilıq bir bahar günü dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanım Əliyevanın olduqca mənalı və zəngin həyat yolu, ailəsi, övladları, xalqı, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur. Zərifə xanım Əliyevanı yaxından tanıyanların, sağlığında onunla birlikdə işləmək, ictimai-mədəni tədbirlərdə birgə iştirak etmək səadətinə nail olanların hamısı bu zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımını, hər şeydən əvvəl, məhz sadə bir insan, olduqca səmimi, böyük mədəniyyət sahibi kimi səciyyələndirirlər”. N.Əliyeva qeyd edib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi dünya oftalmologiyasına mühüm töhfələr verib.

Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi Dilarə Seyidzadə çıxışında Zərifə xanım Əliyeva haqqında xatirələrini danışıb. O qeyd edib ki, Zərifə xanımın zəngin həyat yolu hər bir Azərbaycan qadını üçün örnəkdir. Zərifə xanımın Əziz Əliyev kimi şəxsiyyətin ailəsində böyüdüyünü deyən D.Seyidzadə bildirib ki,  bu ailə xalqımıza dəyərli  insanlar bəxş edib. Onun sözlərinə görə, Zərifə Əliyeva Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə ona arxa-dayaq olub, eyni zamanda gözəl, xalqımıza layiqli övladlar yetişdirib.

Zərifə xanımı sadə insan kimi xarakterizə edən D.Seyidzadə bildirib ki, görkəmli oftalmoloq alim ona müraciət edən bütün insanlara qayğı ilə yanaşırdı. O, bütün qadınlara dövlətimizə hər zaman layiqinc xidmət göstərməyi tövsiyə edib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə onların bu zəhməti böyük bir elmi məktəbin əsasını təşkil edir: “Biz fəxr edirik ki, belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Yüksək intellektual potensiala malik olan bu xanımların hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə elmdə dərin izlər qoyublar. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu görkəmli simalardan biri də ictimai xadim, akademik  Zərifə xanım Əliyevadır. Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırıb”.

Tədbirdə həmçinin Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolu haqqında fikirlərini bildiriblər.