21 yanvar 2026 17:15
263

Antibiotiklərin əsassız istifadəsi CİDDİ FƏSADLAR YARADA BİLƏR - PEDİATR

İlin soyuq dövrlərində uşaqlar arasında yoluxucu xəstəliklərin artması cəmiyyət üçün artıq adi mənzərəyə çevrilib. Məktəblərin və uşaq bağçalarının fəaliyyətinin intensivləşməsi, qapalı məkanlarda uzun müddət qalmaq, havalandırmanın kifayət qədər təmin olunmaması virusların sürətlə yayılması üçün əlverişli şərait yaradır. Valideynlər isə tez-tez uşaqlarda yaranan yüksək hərarət, öskürək, halsızlıq və digər simptomlar qarşısında çaşqınlıq yaşayır, hansı halların təhlükəli olduğu, nə zaman həkimə müraciətin zəruri sayıldığı və hansı müalicə üsullarının vacibliyi ilə bağlı suallara cavab axtarır.

Xüsusilə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlarda virus infeksiyalarının daha ağır keçməsi, bəzən ciddi ağırlaşmalarla müşayiət olunması mövzunun aktuallığını daha da artırır. Bu fonda antibiotiklərin özbaşına istifadəsi, düzgün olmayan yanaşmalar və profilaktik tədbirlərə yetərincə əməl edilməməsi uşaqların sağlamlığı üçün əlavə risklər yaradır.

Ən çox yayılan viruslar hansılardır?

Pediatr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda uşaqlar arasında virus mənşəli infeksiyaların yayılması geniş miqyas alıb: “Xüsusilə respirator sinsitial viruslar və inflyuenza virusları üstünlük təşkil edir. Bu infeksiyalar içərisində ən ağır klinik gedişlə müşahidə olunan və yüksək hərarət verən inflyuenza virusudur. İnflyuenzanın A və B tipləri mövsümi dövrdə daha çox rast gəlinir və uşaqlarda ciddi ağırlaşmalara səbəb ola bilir. Virusların sürətlə yayılmasının əsas səbəblərindən biri insanların daha çox qapalı məkanlarda olması, havalandırmanın zəif aparılması və kollektiv mühitlərdə sıx təmasın artması ilə bağlıdır”.

Pediatr qeyd etdi ki, məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlarda bu infeksiyalar daha tez-tez və nisbətən ağır formada üzə çıxır: “Bunun əsas səbəbi həmin yaş dövründə immun sistemin tam formalaşmamasıdır. Uşaq ilk dəfə bağça və ya məktəb mühitinə daxil olduqda çoxsaylı viruslarla qarşılaşır və orqanizm hələ bu infeksiyalara qarşı kifayət qədər müdafiə mexanizmi formalaşdırmayıb. Xüsusilə əvvəllər bağçaya getməyən uşaqlarda virus infeksiyaları daha kəskin klinik əlamətlərlə və ağırlaşma riski ilə müşayiət olunur.

Valideynlər üçün bəzi əlamətlər xüsusi xəbərdaredici siqnal hesab olunur. Uzun müddət davam edən yüksək hərarət, hərarətin dərmanlara baxmayaraq düşməməsi, uşağın halsızlaşması, iştahasızlıq, tənəffüsün çətinləşməsi, güclü öskürək, qusma, ishal, dəridə səpgilər və uşağın davranışında kəskin dəyişikliklər pediatra müraciəti zəruri edən hallardır. Bu əlamətlər virus infeksiyasının ağırlaşdığını və ya əlavə risklərin yarandığını göstərə bilər”.

Antibiotiklərlə səhv mübarizə

Gülnar Abdullayeva vurğuladı ki, virus infeksiyaları zamanı antibiotiklərin əsassız istifadəsi uşağın sağlamlığı üçün ciddi fəsadlar yarada bilər: “Antibiotiklər ehtiyac olmadan istifadə edildikdə immun sistemin zəifləməsinə, bağırsaq florasının pozulmasına, allergik reaksiyaların artmasına və gələcəkdə antibiotiklərə davamlılığın formalaşmasına səbəb olur. Ümumiyyətlə, hər hansı dərmanın göstərişsiz qəbulu orqanizm üçün mənfi nəticələr yaradır və bu baxımdan antibiotiklərin yalnız həkim təyinatı ilə istifadəsi vacibdir”.

Qorunma gündəlik vərdişlərdən başlayır

Pediatr sonda diqqətə çatdırdı ki, valideynlər virus infeksiyalarından qorunmaq üçün gündəlik həyatlarında profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir: “Bu məsələdə uşaqların balanslı və sağlam qidalanması, rasionda meyvə və tərəvəzlərin üstünlük təşkil etməsi, qapalı məkanların mütəmadi havalandırılması, yuxu rejiminin düzgün qurulması mühüm rol oynayır. Dəmir və D vitamini göstəricilərinin norma daxilində saxlanılması, uşaqların imkan daxilində təmiz havada gəzməsi və ümumi həyat tərzinin sağlam şəkildə təşkili virus infeksiyalarının qarşısının alınmasında əsas amillər sırasındadır”.

Nigar Orucova, "İki sahil"