03 dekabr 2019 14:43
175

“Apple” özünün musiqi mükafatlarını təsis edib

“Apple” şirkəti özünün ilk musiqi mükafatlarının laureatlarının adlarını elan edib. “Apple Music Awards” mükafatları beş nominasiya - “İlin artisti”, “İlin ən yaxşı mahnı müəllifi”, “İlin kəşfi”, “İlin albomu” və “İlin mahnısı” üzrə təsis edilib.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, ilk üç nominasiya üzrə qalibləri “Apple Music” beynəlxalq redaktorlar komandası seçir. İlin albomu və mahnısı isə dinləyicilərin sayı göstəricisi üzrə striminqin nəticələrinə görə müəyyən edilir.

“Apple Music” komandasının və beynəlxalq kontentin vitse-prezidenti Oliver Şusser bildirib ki, “Apple Music Awards” mükafatları mükəmməlliyə can atdıqlarına, musiqi şövqü və heyrətamiz yaradıcılığına görə dünyanın ən yaxşı artistlərinə verilir. Onun sözlərinə görə, ilk laureatlar arasında müxtəlif musiqi janrlarının təmsilçiləri var. Onların yaradıcılığında və ifasında aktual problemlər öz əksini tapıb, həmin musiqilər mədəniyyətin inkişafına öz təsirini göstərib və dünyanın bütün ölkələrində dinləyicilər üçün bir örnək olub.

“İlin artisti” nominasiyasının qalibi Billi Ayliş olub. Onun "When We All Fall Asleep, Where Do We Go?" debüt albomuna isə bir milyarddan çox dinləyici qulaq asıb. Müğənni, həmçinin FINNEAS kimi tanınan qardaşı O”Konnel ilə birlikdə “İlin ən yaxşı mahnı müəllifi” mükafatını bölüşüb. “İlin kəşfi” nominasiyasında solo-ifaçı Lizzo qalib gəlib, “Ən yaxşı mahnı” isə reper Lil Nas X-in ifa etdiyi "Old Town Roa" elan edilib.

Mükafatların təqdimatı mərasimi dekabrın 5-də Stiv Jobs Teatrında keçiriləcək. Billi Ayliş burada xüsusi konsert proqramı ilə çıxış edəcək.