01 iyul 2020 10:31
1119

Astarada arıçılığa maraq böyükdür

 Astara rayonunun kənd təsərrüfatında arıçılıq mühüm rol oynayır. Buna da başlıca  səbəb  dövlət tərəfindən respublikada arıçılıqla bağlı görülən məqsədyönlü işlərdir. Rayon  cənub bölgəsində  ən iri arıçılıq təsərrüfatlarını  özündə birləşdirir. Demək olar ki, buranın bütün ucqar dağ kəndlərində  bu sərfəli sahəyə böyük  diqqət yetirilir.  Belə kəndlərdən   biri Mikidir. Miki kəndi arı bəsləməyin  əsas məkanıdır. 
 İndi rayonda arıçılığın inkişafından ötrü hər cür şərait yaradılıb. Üstəlik dövlət  hər arı yeşiyə görə  kömək məqsədilə 10 manat subsidiya  ayırmışdır. Hazırda  Astarada ümumilikdə  1300-dən çox  ayrı-ayrı təsərrüfatlarda  30 minə yaxın arı ailəsi bəslənilir. Təkcə cari ildə rayonda arı ailələrin sayında 5 mindən artıq   artım olmuşdur. Bir qayda olaraq götürülən  gəlirdən  camaat ürəkdən razılıq edir. Bildir  arıçılar tərəfindən  500 ton bal tədarük olunmuş və  kilosu  20-25 manata sifarişçilərə rahat satılmışdır.  
 Rayonda mövsümün ilk bal başlanılıb. Doğrudur,  havaların bir qədər əlverişli  keçməsi  işi yubadıb. Qaldı ki, ağac  çiçəklərdən  toplanan  balın keyfiyyəti çox yüksəkdir. Yəni, çəkilən zəhmət  öz bəhrəsini artıqlaması ilə verir. Onu da əlavə edim ki, növbəti nümunəvi qulluq sayəsində  arıçılar bal istehsalını il boyu 600 tona çatdırmaq istəyirlər.

 Zəfər Orucoğlu, 

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü