23 noyabr 2020 18:37
5105

Astrologiya: elm yoxsa batil inanc?

“Astrologiya” termini yunan sözləri olan “astron” (ulduz)  və “logos” (elm) sözlərinin birləşməsindən yaranmışdır. Bu elmin əsasını səma cisimlərinin hərəkəti, Yerə və insanlara təsirinin öyrənilməsi təşkil edir.

 Aşağıda bu maraqlı elm sahəsi ilə bağlı müxtəlif məlumatlarla tanış ola bilərsiniz:

İlk vaxtlar astrologiyadan yalnız məhsul yığımı, səpin və s. zamanı istifadə edilirdi. Sonralar artıq astrologiya ilə insanların taleyi barədə proqnozlar verilməyə başlanıldı.

 Arxeoloqlar tərəfindən aşkar edilmiş qədim sənədlərə görə, keçmiş zamanlarda astrologiya elminin predmeti ulduzlar və od olmuşdur.

Astrologiyanın digər bir xüsusiyyəti elm və sənəti özündə birləşdirməsidir. Burada həm riyaziyyat, həm astronomiya elementləri, həm də psixologiya və hər bir insan üçün astroloji cədvəllərin mənasını izah etmək bacarıqları birləşir.

 Rəsmi elm astrologiyanı magiya ilə əlaqələndirərək yalançı elmi doktrina statusunda saxlayaraq, tam hüquqlu bir elm kimi tanımır. Alimlərin arqumenti isə astroloji metodların etibarlılığının olmamasıdır.

 1975-ci ildə 18 Nobel mükafatçısı da daxil olmaqla 186 nəfərlik bir qrup alimin astrologiyaya qarşı bir növ etirazdan ibarət bir açıqlama vermişdi. Medianın astrologiyanın və digər yalan təlimlərin geniş yayılmasını təşviq etdiyinə dair narahatlıqlar da mövcud idi.

 SSSR-də astrologiya elmi qadağan edilmişdi. Yenidənqurmadan sonrakı dövrdə qadağalar götürüldü və astrologiya mövzusuna maraq artdı.

 Hindistanda isə astrologiya rəsmi elm statusuna malikdir.

 İndiyədək bütün dövrlərin ən məşhur astroloqu Nastradamus hesab edilir. O , 1503-cü ildə anadan olub. Nostradamusun pərəstişkarlarına görə, onun  proqnozlarının çoxu böyük dəqiqliklə gerçəkləşir. Onlar  Nostradamusun demək olar ki, bütün mühüm tarixi hadisələri proqnozlaşdırmağı bacardığına inanırlar.

 Hippokrat astrologiya ilə yaxından maraqlanırdı. Onun fikrincə, yaxşı həkim olmaq üçün mütləq astrologiyanı bilmək lazım idi.

 Amerika prezidenti Ronald Reyqana qarşı sui-qəsd təşkil edildikdən sonra onun həyat yoldaşı astroloqa gedərək, ərinin daha uzun illər yaşayacağını və qoca yaşlarında dünyasını dəyişəcəyini öyrənmişdi və beləcə, həyat yoldaşını sakitləşdirə bilmişdi.

 Roma papaları arasında da astrologiyanın pərəstişkarları az olmayıb. Onlar həyati vacib qərar qəbul edərkən mütləq astroloqlardan məsləhət alırdılar.

 Astroloqların fikrincə insan həyatına ən çox təsir göstərə bilən səma cismi Aydır. Onlar iddia edirlər ki, fiziki mahiyyətlərini tərk etmiş ölülərin astral cəsədləri Aya cəlb olunur. Şizofreniya xəstələrinin də bir xüsusiyyəti, xəstəliklərinin Ay bütöv olduğu günlərdə şiddətlənməsidir.

 Bundan əlavə, astroloqların fikrincə Ay dəniz və okeanlarda qabarma və çəkilməyə səbəb olduğu kimi, insan orqanizminin  75 %-i su olduğu üçün insana da təsirini göstərir.

Papus və digər magiya nümayəndələrinin nəzəriyyəsinə görə, hər planetə müəyyən bir metal uyğundur. Məsələn, Günəşin metalı qızıldır, buna görə zərgərlik ən çox ondan hazırlanır. Üstəlik, hər bir zinət əşyasının öz mənası var: sırğalar stress və komplekslərlə mübarizə aparır; bilərziklər mənfi enerjini bloklayaraq sahibini qoruyur; qızıl zəncirlər və boyunbağılar əsəbilik və sinir gərginliyini azaldır.

Astroloqlara görə, aqressiv insanların qoroskopunda Mars üstünlük təşkil edir. Fransız tədqiqatçıları cinayətkarlar üzərində apardıqları təcrübələr zamanı onların qoroskopunda Marsın dominant olduğunu üzə çıxarıblar.

Media səhifələrində yayımlanan bürclər, həqiqi astroloji bürclərə çox az bənzəyir. Bir qayda olaraq, orada yalnız Günəşin təsiri nəzərə alınır. Onları yazarkən digər planetlərin mövqeyi nəzərə alınmır. Bu səbəbdən də proqnozlar çox vaxt qeyri-müəyyən və qeyri-dəqiq olur.

Peşəkar astroloqun tibbi, riyazi və humanitar bilikləri yetəri qədər olmalıdır.

Təcrübəli astroloq ruhun hər bir hərəkətini görməli və şərh etməlidir. Bir insana özü ilə harmoniya əldə etməyi, hədəfə çatmasına mane olan çatışmazlıqları aradan qaldırmağı öyrətməyi bacarmalıdır.

 Astrologiya elminin ən güclü pərəstişkarlarından biri də Hitler olub. Ölümündən sonra onun kabinetində astrologiya və magiya ilə bağlı çoxlu kitablar tapılmışdı. Onun İkinci Dünya Müharibəsi zamanı bir çox vacib qərarları astroloqlarla məsləhətləşərək verdiyi iddia edilir.

Nubar Süleymanova, “İki sahil”