13 iyun 2019 11:49
316

Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilir

Bakıda V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumu keçirilir.

Tədbirin açılışında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard dollardan çox sərmayə yatırılıb. 

Nazir bildirib ki, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır: "Aİ-nın bu regionda ticarətinin 78 faizi ölkəmizin payına düşür. Həmçinin Azərbaycanın ticarət dövriyyəsinin 42 faizi Aİ ölkələrinin payına düşür. Ticarətin gücləndirilməsi üçün ciddi addımlar atılır. Ötən il Aİ ilə ticarət dövriyyəsində 30 faiz artım əldə etmişik. Əsas hədəfimiz ticarət strukturunu artırmaqdır". 

Ş.Mustafayev əlavə edib ki, Dünya Bankı Azərbaycan İqtiadiyyatının 2019-cu ildə 3,3 faiz, beynəlxalq valyuta fondu isə 3,4 faiz artacağını proqnozlaşdırır. Ötən il Azərbaycan iqtisadiyyatına 8,2 milyard dollarlıq xarici investisiya olmaqla, ümumilikdə 15,7 milyard dollarlıq sərmayə yatırılıb. Ümumilikdə, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu günə qədər ölkə iqtisadiyyatına 263 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 50 faizdən çoxu xarici investisiyadır". 

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han isə deyib ki, bu gün keçirilən sayca beşinci biznes forumu Aİ və Azərbaycan arasında əməkdaşlığın genişələnməsinə dair nümunədir: "Bu forumun uğurunun göstəricisi forum iştirakçılarının sayının artmasıdır. İlk forumla müqayisədə bugünkü forumda iştirak edən Avropa İttifaqı və Azərbaycandan olan işgüzar şəxslərin sayı 3 dəfə artıb". 

Onun sözlərinə görə, Aİ Azərbaycanın önəmli tərəfdaşı olaraq qalır: "Son illər Aİ ilə Azərbaycan arasında əməkdaşlıq intensivləşib. Biz 2018-ci ildə Azərbaycan və Avropaİttifaqı tərəfdaşlıq prioritetlərinə dair razılaşma imzaladıq. Hazırda Aİ və Azərbaycan arasında Aviasiya sazişi və Hərtərəfli əməkdaşlığa dair sazişin imzalanması istiqamətində danışıqlar aparılır. Mən ümid edirəm ki, biz yaxın vaxtlarda bu sazişləri imzalayacağıq. Bu il həmçinin Aİ-nin Şərq Tərəfdaşlığı proqramının 10 ili tamam olur. Aİ və Azərbaycan arasında proqram çərçivəsində əməkdaşlıq daha da inkişaf edib" 

Yohannes Han qeyd edib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanda 300 km-lik dəmir yolu xəttinin çəkilişini dəstəkləyəcək. O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında rouminq tarifləri azaldıla bilər: “Bu yaxınlarda rouminq tariflərinin azaldılması və kibertəhlükəsizliyə qarşı birgə mübarizə işlərinə başlanılıb".