17 iyul 2019 20:35
1034

Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir

Müasir dövrdə  qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin  möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində  ümumi elementlərin artması ilə səciyyələnir.  Bu fikir hər zaman önə çəkilir ki,  dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin  mühüm tərkib hissəsi və şərtlərindən biri  ümumbəşəri dəyərlər sahəsində  mədəniyyətlərarası dialoqun zəruriliyidir.

Bu dəyərlərin öyrənilməsi və ortaq nöqtələrinin açıqlanması ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində  mühüm rol oynaya bilər. Bu nöqteyi-nəzərdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyevin Avropa ölkələrinə, eyni zamanda, bu və ya digər ölkələrin və beynəlxalq təşkilatların rəsmilərinin Azərbaycana səfərləri  çərçivəsində keçirilən  görüşlərdə,  imzalanan sənədlərdə də bu kimi məqamlar öz əksini tapır.

Bu günlərdə Avropa İttifaqı  Şurasının Prezidenti  Donald Tuskun ölkəmizə səfəri zamanı aparılan müzakirələr, onun mətbuata bəyanatlarında əksini tapan fikirlər də Azərbaycanın beynəlxalq nüfuzuna, demokratik ölkə kimi qazandığı imicə bir daha işıq saldı. Nəzərə alaq ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına rəsmi səfəri zamanı imzalanan  “Tərəfdaşlıq prioritetləri” sənədində  də  Azərbaycanın mədəniyyətlərarası dialoqun  inkişafına verdiyi töhfələr,   Avropa İttifaqının Azərbaycanla  bu sahədə əməkdaşlıqda maraqlı olduğu xüsusi qeyd edilmişdir.

“Tərəfdaşlıq prioritetləri” sənədinin birinci bəndində vurğulanır ki,  əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Həmçinin sənəddə  hər iki tərəfin ölkələrin  ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi  ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə  Belçikaya səfəri zamanı Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanat vermişdir.  Aİ-nin tərəfdaş ölkələrdə bütün münaqişələrin həllinə vahid yanaşması ötən ilin  noyabrında Şərq Tərəfdaşlığının Brüssel sammitində bir daha təsdiqlənmişdi.  Avropa İttifaqının Şərq Tərəfdaşlığının bütün ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi üzrə Avropa İttifaqının  öhdəliklərinin dəqiq vurğulandığı “Xarici siyasət və təhlükəsizlik haqqında qətnamə” qəbul edilmişdi. Bununla da qurum Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki münaqişələrin həllinə vahid yanaşmanı aydın nümayiş etdirdi. Ötən il imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirən tərəflər  sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağına əminliklərini ifadə etdilər.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl üzərində qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal  iştirak edir.  Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı  Şurasının Prezidenti  Donald Tuskun ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki,  Avropa İttifaqı  Azərbaycanın əsas ticarət tərəfdaşı və  investorlarından biridir.

Ölkəmizin bu uğurlarında təbii ki, siyasi islahatların rolu xüsusi qeyd edilməlidir.  Avropa İttifaqı Şurasının Prezidenti  Donald  Tuskun bəyanatlarında bu fikir öz əksini tapır ki, insan haqları və azadlıqlara, o cümlədən ifadə azadlığına xüsusi diqqət yetirilir.  Avropa İttifaqı hesab edir ki,  bu, açıq cəmiyyətlərdə  uzunmüddətli sabitlik və inkişafın ən yaxşı təminatıdır. Bu məsələlərdə  tərəfdaş kimi işləməyi davam etdirməyi  səmimiyyətlə arzulayırıq. D.Tusk budəfəki səfərində də Azərbaycanın demokratik inkişafına xüsusi diqqət yönəldərək bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu bildirmişdir: “Bu gün Prezident Əliyevlə apardığım müzakirələrdə mən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün Avropa İttifaqının hazır olduğunu bir daha təsdiq etdim və eyni zamanda, bizim qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara nə qədər böyük önəm verdiyimizi vurğuladım. Avropa İttifaqı hesab edir ki, həqiqətən açıq olan cəmiyyət uzunmüddətli sabitliyin və bütün vətəndaşlar üçün yaxşı həyatın ən gözəl təminatıdır.”

Ölkə Prezidenti İlham Əliyev Azərbaycanın hər sahədə, o cümlədən demokratik islahatlar sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini  belə ifadə edir: “Bizim aramızdakı əməkdaşlıq çox səmərəlidir, çox səmimidir və böyük potensiala malikdir. Bizim aramızda olduqca fəal siyasi dialoq gedir, mütəmadi olaraq görüşürük və ölkəmizdə  siyasi inkişafa, siyasi islahatlara aid vacib məsələləri müzakirə edirik. Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik.” Cənab  İlham Əliyev  demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə diqqəti yönəldərək bildirir ki, onların əksəriyyətində  iqtisadi inkişaf çox yüksək səviyyədədir,  dünyada  inkişaf etmiş ölkələr kimi tanınırlar. Bizim də məqsədimiz ondan ibarətdir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olsun.  Bunun üçün bütün imkanlar mövcuddur: şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, əlverişli coğrafi məkan. İqtisadi tərəqqinin demokratikləşmə prosesinin sürətlənməsində nə kimi rol oynadığını Azərbaycanın bugünkü uğurlarının fonunda aydın görmək olur. 1994-cü ildən ölkədə sabitliyin, əlverişli biznes mühitinin formalaşması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsi, ən əsası “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin iqtisadi inkişafı üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin imzalanmasının  23 illiyində  “Yeni əsrin müqaviləsi”nin imzalanması,  Cənub Qaz Dəhlizinin” açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi həm iştirakçı, həm də digər dövlətlərin iqtisadi imkanlarının artmasına yol açan uğurlarımız Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsindən irəli gəlir. Avropa İttifaqı  Şurasının Prezidenti  Donald Tuskun səfərində enerji sektorunda əldə olunan uğurların əməkdaşlığın genişlənməsində oynadığı rol xüsusi önə çəkildi: “Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək. Əlbəttə ki, biz bizi sözün həqiqi mənasında birləşdirən Cənub Qaz Dəhlizini unutmamalıyıq. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.”

Bu fonda dünya birliyi də bu reallığı yüksək dəyərləndirir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır. Xalq-iqtidar birliyi sabitliyin, davamlı inkişafın təminatçısıdır.  Vətəndaşların bütün azadlıqları qanunvericilik çərçivəsində qorunur. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə dediyi və təcrübədə özünü təsdiqləyən bu fikri  dövlətimizin həyata keçirdiyi siyasətin prioritetidir: “Demokratiya daim inkişafda olan prosesdir. Bu, bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə təkamül yolu ilə olmalıdır.”

Azərbaycan bir sıra beynəlxalq təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd Avropanın ən inkişaf etmiş ölkələrində mövcüd olan müsbət təcrübənin Azərbaycanda tətbiqini sürətləndirmək, bəşəri dəyərlərdən faydalanmaqdır. “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.”

Yeganə Əliyeva, “İki sahil”