10 yanvar 2020 15:50
589

Avropa ölkələri Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir

Avropa ölkələri Cənubi Qafqazda Azərbaycanla əlaqələrin əhəmiyyətini dərk etməlidir. Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. İki ölkənin beyin mərkəzləri, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın da sıx olması vacibdir.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Fransanın qabaqcıl beyin mərkəzlərinin rəhbərləri ilə görüşünün moderatoru, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi söyləyib. O deyib ki, görüş zamanı mühüm geosiyasi məkanda yerləşən Azərbaycanın strateji əhəmiyyəti, onun beynəlxalq arenada yeri, haqqında fikirlər söylənildi. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparıldı, müasir dövrdə Azərbaycanın Şərq-Qərb ticarət dəhlizində mühüm rolu, qlobal müstəvidəki əhəmiyyəti, Qoşulmama Hərəkatına sədrliyi, “Bakı Prosesi”, terrorizmə qarşı mübarizəsi haqqında maraqlı fikirlər səsləndirildi. Azərbaycanın müxtəlif sahələrdə mühüm rolu ilə bağlı belə tədbirlərin keçirilməsinə ehtiyac var. Bu tədbirlər beyin mərkəzləri üçün çox əhəmiyyətlidir.