10 fevral 2020 11:51
1248

Avropalı müşahidəçi: Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır

Bosniya və Hersoqovinadan olan müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində apardıqları müşahidələrin nəticələrini açıqlayıb.

"İki sahil" xəbər verir ki, tədbirdə çıxış edən Bosniya və Hersoqovina Parlament Nümayəndələr Palatasının üzvü Predra Pojul Azərbaycanda keçirilən parlament seçkilərinin tam demokratik olduğunu bildirib: "Bütün seçki məntəqələrində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Namizədlər və yerli müşahidəçilərlə danışdıq. Seçki məntəqələrinin sədrlərinin əksəriyyəti qadın idi. Tam əminliklə deyə bilərəm ki, başqa Avropa ölkələri Azərbaycanın seçki təcrübəsindən yararlanmalıdır. Namizədlərin çoxu gənclər idi".

Predra Pojul prosesdə bəzi çatışmazlıqların da olduğunu deyib: "Namizədlər arasında qadınların sayı çox deyildi. Düşünürəm ki, gələcəkdə bu məsələ də həllini tapacaq və xanımların seçkiyə marağı artacaq. Bir neçə məntəqədə müşahidəçilər bəzi cüzi  texniki pozuntuların olması barədə məlumat verdilər. Bu isə seçki nəticələrinə təsir etmir. Bosniya və Azərbaycan arasında əməkdaşlıq var və bundan sonra da davam edəcək".

Orxan Vahidoğlu, "İki sahil"