12 aprel 2019 14:41
2557

Avtomobillər üçün daha əlverişli yanacaq-sıxılmış təbii qaz

Sıxılmış təbii qaz (STQ-beynəlxalq miqyasda CNG, yəni compressed natural gas) benzin və dizeldən təmiz, qoxusuz və ətraf mühit üçün daha əlverişlidir. CNG digər yanacaqlara nisbətən azotu 90 faiz, karbon monoksidi 75 faiz, karbon dioksidi isə 25 faiz  daha az emisiya edir.Bu səbəbdən də dünyada CNG məntəqələrinin sayı sürətlə artır. 2018-ci ildə qlobal CNG bazarının ümumi dəyəri 16,2 milyard ABŞ dolları təşkil edib və bu miqdarın 2025-ci ilə qədər təqribən 3 dəfə artaraq 48,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Hesablamalara görə, tələbatın artmasına ən çox Asiya ölkələri təsir göstərəcək. Xüsusi ilə də Çin, Hindistan və İndoneziya kimi ölkələrdə ictimai nəqliyyat sektorunda CNG ilə işləyən avtomobillərin sayının ildən-ilə çoxalması bu ölkələrdə tələbatın kəskin artmasına səbəb olur. Hazırda dünyada 26,5 milyon  CNG ilə çalışan avtomobil  mövcuddur ki, bunun da təqribən ¼-i Çinin payına düşür.

Avropa da dünyada ən böyük CNG istehlak edilən bazarlardan biridir. Belə ki, Avropa İttifaqı 2030-cu ilə qədər ətraf mühitin qorunması məqsədi ilə karbon emissiyasını 1990-c ildəki səviyyə ilə müqayisədə 40 faiz nisbətində azaltmağı planlaşdırır. Bu da öz növbəsində  təmiz olan təbii qazın istehlakını stimullaşdırır. Hazırda Avropada 1 milyon 428 min CNG ilə işləyən avtomobil mövcuddur.  Bu rəqəmin 2030-cu ildə 15 milyona çatacağı proqnozlaşdırılır. CNG avtomobillərinin sayına görə İtaliya Avropada ilk sırada Almaniya isə ikinci sırada qərarlaşır.  Belə ki, İtaliyada 1 milyona yaxın CNG ilə işləyən avtomobil mövcuddur.

Qrafik 1. Dünyada ən çox CNG avtomobillərinin olduğu ölkələr (2017)

Bəs CNG-nin ekoloji cəhətdən əlverişli olması ilə yanaşı daha hansı üstünlükləri mövcuddur?

CNG sərfiyyat baxımından benzinlə işləyən maşınlara görə 70-80 faiz, mayeləşdirilmiş neft qazı (LPG) ilə müqayisədə  isə 40-50 faiz daha əlverişlidir. Eyni zamanda, CNG ilə işləyən maşınlarda yağ dəyişimi hər 35-40 min kilometrdən bir həyata keçirilir. Digərlərində isə bu məsafə daha qısadır.

Təbii qazla işləyən mühərriklər, həmçinin digərlərinə görə daha dözümlü və uzun ömürlü olur. Çünkü təbii qaz daha təmizdir və mühərrikdə daha az tullantı maddəsi saxlayır. Bu da mühərrikin ömrünü uzadır, avtomobillərin baxım müddətini artırır.

CNG-nin oktan sayısı orta hesabla 130-dur. Belə yanacaq ilə işləyən avtomobillərdə səs digərləri ilə müqayisədə 30 faiz aşağıdır.

Bundan başqa, mühərrikə birbaşa qaz daxil olduğu üçün soyuq havalarda da asanlıqla yanır. Bununla belə, benzinin alışma istiliyi 300 dərəcə, LPG-nin 400 dərəcə, CNG-nin isə 650 dərəcədir, yəni  fiziki xüsusiyyətləri baxımından CNG daha çətin alışır. Eyni zamanda, təbii qaz havadan daha yüngül olduğundan hər hansı qəza və ya sızma hallarında dərhal havaya qarışır, digər yanacaqlar kimi bir yerdə toplanaraq partlayışa və ya yanğına şərait yaratmır. Bu səbəbdən də CNG alışma riski ən az olan yanacaq növü hesab edilir.

Hazırda ölkəmizdə SOCAR brendi altında 7 CNG məntəqəsi fəaliyyət göstərir və bu məntəqələrin sayının 2020-ci ilin sonuna qədər 34-ə çatdırılması planlaşdırılır. Bu da öz növbəsində Azərbaycan vətəndaşlarının daha sərfəli və təmiz yanacaq ilə təmin olunmasına, eyni zamanda, ölkəmizin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Emin Axundzadə,
enerji üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru