Yunanca “Hagia Sophia”, türkcə “Aya Sofiya”, latınca “Sancta Sophia” adlandırılan bu məbəd eramızın 6-cı əsrində Konstontinopolda (indiki İstanbul) Bizans imperatoru I Yustinian tərəfindən tikilmişdi. “Hagia” yunan dilindən tərcümədə müqəddəs, “Sophia” isə ağıl deməkdir, məbədin adı “müqəddəs ağıl” mənasını verir.
Aya Sofiya qədim dünyanın yeddi möcüzəsindən biri hesab edilirdi.
Əvvəllər xristian patriarxal kilsəsi, daha sonra məscid, sonralar bir müddət muzey, indi isə yenidən məscid kimi fəaliyyət göstərməyə başlayıb. 1453-1931-ci illər ərzində məscid kimi istifadə edilən bina sonradan dünyəviləşdirildi və 1 fevral 1935-ci ildə bir muzey olaraq ictimaiyyətə açıldı. Əslində Aya Sofiya yerləşən ərazidə o zaman daha iki kilsə də tikilibmiş, lakin üsyanlar zamanı onlar dağıdılıb. Böyük günbəzi ilə məşhur olan bina Bizans arxitekturasının zirvəsi sayılır. 1520-ci ildə “Seville” kilsəsi tikilənədək, min il boyunca Aya Sofiya dünyanın ən böyük kilsəsi olmuşdur.
İçərisində müxtəlif imperatorların portretləri, ailə şəkilləri vardır. Yustiniandan sonra gələn müxtəlif imperatorlar hamısı orada divar mozaikalarına və naxışlara əlavələr etdirmişdilər.
Məscidə çevrilərkən onun divarlarında bəzi şəkillərin, mozaikaların üzəri suvandı, kilsə zəngləri çıxarıldı. Binaya çöldən hündürlüyü 60 metr olan 4 minarə əlavə edildi. Muzey olduğu müddətdə isə orada həm İslam, həm xristianlığı əks etdirən xüsusiyyətlər var idi. Aya Sofiyanın tikilməsi 6 ilə başa gəlmişdi. 989-cu ildə baş vermiş dəhşətli zəlzələ zamanı Aya Sofiyanın günbəzi dağılmışdı. Sonradan Bizans memarları onu bərpa etmişdilər.
Aya Sofiyanın ən möhkəm və dərindən bərpası Sultan Əbdülməcid tərəfindən həyata keçirilib. 1847-1849-cu illərdə sultan onun təmirinə 800 işçi cəlb etmişdi. Onun günbəz və sütunlarının yenidən tikintisini İsveçrə-İtaliya əsilli memar qardaşlar Qaspare və Qiuseppe Fossati həyata keçirmişdilər.
Bəzi insanlar Ayasofyanın xüsusi müalicəvi güclərə sahib olduğuna inanırlar. Məsələn, bəziləri hesab edirlər ki, üç şənbə günü binanın əsas salonundakı quyudan bir stəkan su içsəniz, xəstəlikdən qurtulacaqsınız.
Bundan başqa, Aya Sofiya ətrafında əks olunan mistik işıqla da məşhurdur.
Nubar Süleymanova, “İki sahil”