11 fevral 2020 17:36
589

Aydın Quliyev: Ermənistan təcavüzkar niyyətini bir daha ortaya qoydu

“Qeydə alınmış namizədlərin sayının çox olması təbii ki, son nəticədə fəal seçki prosesinin getməsinə təsir göstərdi”.

Bu sözləri Publika.az-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, 9 fevral növbədənkənar parlament seçkiləri bir sıra xüsusiyyətlərinə görə fərqləndi: “Həm seçkiyə qatılmış namizədlərin ilkin mərhələdəki sayı, həm də qeydiyyata alınmış rəsmi namizədlərin sayı baxımından əvvəlki dövrlərdən xeyli fərqlənir. Digər tərəfdən bu seçkiləri müşahidə edən beynəlxalq təşkilatların çoxluğu və fərqliliyi də diqqəti cəlb edən məsələlərdəndir. 60-a yaxın dövlətin təmsilçisi olan müşahidəçiləri ölkədə gördük. Bu da dünyanın üçdə birindən çox deməkdir. Hansı ki, həmin müşahidəçilərin Azərbaycanda olması yalnız seçki ilə bağlı deyil, eyni zamanda ölkəmiz haqqında daha geniş məlumatların yayılması üçün şəraitin yaranması deməkdir. 2010 və 2015-ci illərdə keçirilən parlament seçkiləri ilə müqayisə etsək, yola salınan deputat korpusunun tərkibi ilə yeni deputat korpusunun tərkibində ən azından yenilənmə fərqlərinin də irəli çıxdığını görərik”.

A.Quliyev vurğulayıb ki, ATƏT və AŞPA-nın seçki ilə bağlı rəyi xeyli dərəcədə pozitiv məqamlarla müşahidə olundu: “Xüsusilə də seçkilərin təşkili ilə bağlı qeydlər ölkədə bu istiqamətdə işlək dinamikanın olduğunu göstərir. Həmin qurumlar seçkilərin idarə olunması, seçicilərin aktivliyi, namizədlərin çox olmasını müsbət məqamlar kimi qeyd edib. Müvafiq təşkilatların seçki prosesinə münasibətində əvvəlki dövrlə müqayisədə pozitiv istiqamətdə dəyişikliklər var. Bu da bizi sözsüz ki, razı salır, qane edir. Hesab edirəm ki, Avropa strukturlarının ilkin rəyi ölkəmizdə seçki sahəsində başlanmış dinamikaya uyğundur. Çox yaxşı haldır ki, Ermənistanın Azərbaycana təcavüzünün ölkədə seçki prosesinin daha mükəmməl keçməsinə maneəçilik törətməsi faktoru beynəlxalq müşahidəçilərin əsas sənədlərində (AŞPA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB)) öz əksini tapması çox əhəmiyyətlidir. Açıq şəkildə qeyd olunur ki, Ermənistanın təcavüzü seçkilər prosesinin təşkilinə və gedişinə öz təsirini göstərir və göstərməyə bilməz. Çünki təcavüz nəticəsində seçki prosesi Azərbaycanın 7 dairəsində tamamilə, 3 dairədə isə qismən pozulub. Ancaq aparılan təşkilati işlər nəticəsində məcburi köçkünlərin də səsvermədə iştirakı təmin olundu. Onların seçkidə aktiv iştirakının və Milli Məclisdə öz namizədləri ilə təmsil olunmasının çox böyük şərti məzmunu var. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair beynəlxalq sənədlərdə də aydın şəkildə göstərilir ki, Azərbaycanın hakimiyyət orqanları müvafiq qanunvericilik orqanlarında təmsil olunmalıdır. Eyni zamanda Qarabağdan olan Azərbaycan vətəndaşları və erməni əsilli seçicilərə isə seçki prosesinə qatılmaları üçün Mərkəzi Seçki Komissiyası və Xarici İşlər Nazirliyi səviyyəsində müraciət edildi. Hansı ki, bu müraciətlərin çox böyük siyasi və strateji əhəmiyyəti var. Ermənilər separatçı əməllərinə davam edərək seçkilərdə iştirak etməkdən imtina etdilər ki, bu da onların təcavüzkar niyyətlərini davam etdirdiklərini göstərdi. Tam aydın görünür ki, Dağlıq Qarabağdakı ermənilər bəlkə də seçkilərə qatılmaq istəyərdilər, amma Ermənistan dövlətinin onlara təzyiqi müstəqil qərar qəbul etmələrinə imkan vermir”.