13 iyun 2019 18:06
140

AYİB: Blokçeyn texnologiyalarını tətbiq edərkən ehtiyatlı olmalıyıq

“Blokçeyn texnologiyalarını tətbiq edərkən ehtiyatlı olmalıyıq. Çünki onun fəsadları ola bilər. Bu baxımdan onun ətraf mühitə olan mənfi təsirləri də nəzərə alınmalıdır”.

“İki sahil” xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının dayanıqlı nəqliyyat üzrə əsas sektorunun müdiri Tara Şirvani Bakıda Ümumdünya Gömrük Təşkilatının  “İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi” çərçivəsində keçirilən  "Gələcəyin yaşıl nəqliyyat və logistikasına sərhəd idarəçiliyinin münasibəti" adlı sessiyasında deyib.

T. Şirvaninin sözlərinə görə, blokçeyn texnologiyaları çərçivəsində serverlər vasitəsilə məlumatların ötürülməsi üçün böyük həcmdə enerji tələb olunur: “Ona görə də ölkələr blokçeyn texnologiyalarından istifadə etmək üçün böyük həcmdə enerji sərf etməyə məcbur olacaqlar. Bir misal deyim ki, təkcə son bir ildə bitkoin əməliyyatlarına sərf edilmiş enerjinin həcmi İrlandiyanın illik elektrik enerjisinə olan tələbatından çox olub. Eyni zamanda, bir bitkoin əməliyyatı üçün  ABŞ-dakı 31 evin istehlak etdiyi həcmdə elektrik enerjisinə ehtiyac var. Araşdırmalar göstərir ki, iqtisadi potensialı böyük olan bu cür texnologiyaların hazırkı templə artacağı təqdirdə Yer kürəsinin temperaturu yaxın 1-2-ci onilliklərdə hər il 1,5 dərəcə artacaq”.

Niderland Gömrük Xidmətinin Ticarət Əlaqələri Departamentinin rəhbəri Frank Heijman blokçeyn texnologiyalarından bəhs edərək onun   heç də bütün problemləri həll etmədiyini bildirib: “Biz ona görə bunu qəbul edirik ki, kimsə bu barədə nəsə deyib”.

Sloveniya Logistik Assosiasiyasının prezidenti İqor Zula isə deyib ki, bu cür texnologiyaların tətbiqi zamanı ətraf mühitdən daha çox onun maliyyə tutumu aktual olur.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev blokçeyn texnologiyalarının istifadəsinə sərf olunacaq enerji məsələsinə münasibət bildirərək bu yeniliyin sayəsində milyonlarla, milyardlarla yazılan gömrük bəyannamələrinin aradan qaldırılması ilə böyük həcmdə elektrik enerjisinə qənaət ediləcəyini vurğulayıb: “Əgər biz ticarət asanlaşdırılmasını, şəffaflıq istəyiriksə, buna təkcə maliyyə nöqteyi-nəzərdən baxmamalıyıq. Bu gün müxtəlif ölkələrdə blokçeyn texnologiyalarına qaçaqmalçılığın qarşısının alınması, daha çox vergi toplanması məqsədilə üstünlük verilir”.

S.Mehdiyev onu da vurğulayıb ki, blokçeyn texnologiyalarının inkişaf etdirilməsinə nail olmaq üçün istər Avropa Yenidənqurma və İnkişaf Bankı, istərsə də digər  maliyyə institutları bu layihələrə dəstək verməlidirlər: “Blokçeyn texnologiyalarının üstünlüklərini bütün xarici iqtisadi fəaliyyət iştirakçıları görməlidirlər və bu üstünlüklər digər məsələlərin həllində təşviq edilməlidir. Bu texnologiyanın inkişafını təmin edəcək metodlardan biri ticarət zəncirindəki bütün tərəflərin buraya cəlb edilməsini stimullaşdıracaq standartı ortaya qoymaqdan ibarətdir. Hesab edirəm ki, beynəlxalq maliyyə institutları tərəfindən blokçeyn texnologiyalarının dəstəklənməsi sayı sürətlə artmaqda olan gömrük bəyannamələrinin yaradacağı çətinliklərin qarşısını almış olacaq”.