07 noyabr 2019 19:39
1013

Ayının min oyunu və “kal armudlar”

Balaca uşaqların belə əzbər bildiyi “dəcəl meymun, çolaq ayı , çəp keçi, yoldaş olub yığışdılar hər üçü” şeirini hamı  bilir. Bu günlərdə Müsavat partiyasının qərargahında keçirilən “dəyirmi masa” şeirdəki təsəvvürü yaradır. Bir vaxtlar SİDSUH, DUH, “Azadlıq” bloku, Demkonqres... kimi oyuncaq birliklərdə “birləşən”, hamısı saman altından su yeritdikləri üçün sonda “ulduzları barışmayan” köhnə təfəkkürlülər yeni təşkilat yaratmaqla nəyə isə nail ola biləcəklərini düşünürlər. Artıq deyiləsi sözləri qalmayan “nimdaşlar” düşərgədə yenilik yaradacaqlarını zənn edərək başlarını beləcə girələyirlər.

Maraqlısı odur ki, illərdən bəri biri-birinin rəqibi olan bu “mehriban düşmənlər” ürəklərində gizlətdikləri kinləri saxta təbəssümləri ilə pərdələməyə çalışsalar da, səmimiyyət donuna bürünsələr də genetik xəstəlikləri olan “pambıqbəyliyi” düşüncəsi hələ də qalmaqdadır.

AXCP sədri Əli Kərimlini tanıtmağa ehtiyac yoxdur. Onunla şəxsi maraqları naminə eyni masada əyləşənlər “islahatçı sədr”i siyasətdə naşı kadr adlandırırlar.  Sabiq Müsavat başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, avropalı liberal erməni Aram Manukyanla iş birliyi quran İsa Qəmbərin, Müsavatın başqanı Arif Hacılının partiyada yaratdıqları intriqaları elə sıravi müsavatçılar hələ də etiraf edirlər.  Bu baxımdan iqtidarda olduqları zaman Naxçıvanın muxtariyyatının ləğv olunması təklifini irəli sürən Pənah Hüseynin, qələmi başında çatlayan Mehman Əliyevin və “masabəyi”, sabiq səhiyyə naziri, korrupsiya aləminin “kralı” Əli İnsanovun təmsil olunduqları “dəyirmi masa”nın əvvəlki birliklərin taleyini yaşayacağı elə ilk məqamdan bəllidir.

Çünki iqtidarda olduqları qısa müddətdə xalqdan ayrı düşən, Azərbaycanı uçuruma sürükləyən bu “sabiqlər” hələ o dövrdə  nə ölkənin, nə də səfalətə sürüklədikləri insanların taleyi ilə maraqlanmamışlar. “Doqquz ölkənin xeyir-duası ilə hakimiyyətə gəldiklərini”, Gəncə hadisələri zamanı kreslosunu itirməmək üçün xalqın başına bomba yağdırmaq niyyətini açıq-aşkar bəyan edən İsa Qəmbərin onu “genetik xəstə” adlandıran Əli İnsanovla “ səmimi görüntüsü” göz yaşlarını saxlaya bilməyən timsahın təbəssümünü xatırladır.

Bir vaxtlar eyni stol arxasında  oturmağı özlərinə rəva bilməyən “çox saylı müşkotyorlar”ın şəxsi mənafeləri naminə eyni masada əyləşmək seçimindən də bəlli olur ki, heç vaxt ən yaxın ətrafına belə yol verməyən bu “siyasətçilərin” əvvəlki bloklarda olduğu kimi,  yaratmaq istədikləri birlikdə də başqasına güzəştə getmək fikirləri yoxdur. Yarandığı gündən “ana müxalifət” adına sahib çıxmaq naminə rəqiblərini çıxdaş edən, düşərgədə hakimi-mütləq olduğunu bildirməyə çalışan “masa” sahiblərinin hərəkətləri “ayının min oyunu bir armudun başındadır” misalını xatırladır.  Bəla burarsındadır ki, bölüşməsi çətin olan bu “armud” hələ yetişməyib, kaldır. Yəni, onu boğazdan keçirmək, udmaq müşkül məsələdir.

Korrupsioner kimi həbs olunanda Əli İnsanovun ünvanına hər cür təhqirlər yağdıran buqələmunların bu gün eyni məqsəd naminə birləşmək niyyətlərinin arxasında həmişəki kimi mənəm- mənəmlik iddiası dayanır. Krılovun təmsilinin qəhrəmanları  qu quşu, balıq, xərçəng kimi arabanı istədikləri səmtə yönəltməyə çalışanların niyyətlərinin baş tutmayacağı özlərinə də bəllidir. Sosial baza sarıdan dilləri qısa olan Əli Kərimli ilə Arif Hacılının partiyalarında üzvlər arasında yaranan ikitirəlik, rəqabət, illərdən bəri davam edən AXCP-Müsavat davası, intensivləşən istefalar vəziyyəti daha da gərginləşdirir. Nazir işlədiyi dövrdə özünü qanundan üstün sayan Əli İnsanov görəsən “ cırtdan birlik”də hansı “qanunları” tanıyacaq.  Eyni masa ətrafında əyləşsələr də, biri-birindən çətin sualları beyinlərində vuruşduran “doğmaların istəkləri” eyni məqamda  kəsişmir.

Bu narahatlıq üçün əsas da var. Müsavatın Başxanım Abbaslı kimi digər üzvlərinin də qeyd etdikləri kimi, saxta yolla keçirilən qurultaydan sonra başqanlığa namizədliyini irəli sürənlərin tərəfdarları arasında yaranan qarşıdurmalar, ögey münasibət onsuz da zəif olan Müsavatı daha da gücsüzləşdirib. Eyni aqibəti yaşayan AXCP-də də istefalar davam edir. Qovluq və möhürdən ibarət, adı partiya olsa da, üzvləri gözə görünməyən AXP sədri Pənah Hüseyn isə hələ də mövqeyini dəqiqləşdirməyib. Hərdən bir “qapını döyərək” mövsümə və hadisələrin axarına uyğun məkan seçməkdədir.  Yəni,  bir həsir , bir Məmmədnəsirdən ibarət olan birlik həvəskarlarının bu iştahaları da yarımçıq qalacaq. Kinoçu Rüstəm İbrahimbəyov ətrafında siyasi şou yaradan,  siyasətdən bixəbər dramaturqu Məşədi İbadsayağı müflis edən “ könə qurdlar” Əli İnsanovun pullarına sahib çıxdıqdan sonra “birliyə” “əlvida” deyəcəklər.

Xuraman İsmayılqızı, “İki sahil”