26 iyun 2020 21:26
440

Azər Badamov: Özümüz və doğmalarımız üçün qaydalara əməl etməliyik

Dövlətimiz hər zaman olduğu kimi qabaqlayıcı tədbirlər görür, düşünülmüş addımlar atır. Son 17 ili ərzində Azərbaycanda səhiyyənin infrastrukturu müasirləşdirilib, maddi-texniki bazası yenilənib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, əgər vaxtında bu işlər görülməsəydi bu gün səhiyyəmiz pandemiya qarşısında aciz qalardı:

“Koronavirus qlobal pandemiya elan olunandan dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə müəyyən xəstəxanaların bu istiqamətə yönləndirilməsi, təzə tikilmiş "Yeni klinika" tibb müəssisəsinin də koronavirus xəstələrinin müalicəsinə verilməsi və COVİD-19-a yoluxan xəstələrin dərhal hospitallaşdırılması, karantin tədbirlərinin tətbiqi ölkəmizdə yoluxmaların sayının aşağı həddə qalmasına imkan verib.

Koronavirus pandemiyası ilə əlaqədar böyük iqtisadi itkilərlə üzləşməyimizə baxmayaraq ölkə başçısı insanların sağlamlığının qorunmasını hər şeydən üstün tutaraq geniş qabaqlayıcı tədbirlərin icra olunmasına tapşırıq verdi. Aprel ayından tətbiq olunmuş sərt karantin rejimi sayəsində ölkədə pandemiyanın yayılma dinamikasını aşağı həddə saxlamağımıza imkan verdi.

Amma buna baxmayaraq ehtiyat təbirlərinin görülməsi məqsədilə Prezident İlham Əliyev 10 modul tipli xəstəxananın inşasına tapşırıq verdi. Bu xəstəxanaların inşasına başlananda heç kimin ağlına gələ bilməzdi ki, bu gün yoluxmaların gündəlik sayı 500-ün üstünə çıxacaq. İyunun 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə sayca 5-ci modul tipli xəstəxananın açılışını etdi.

İstifadəyə veriləcək modul tipli xəstəxanalar xüsusi avadanlıqlarla təchiz olunaraq infeksiyaya yoluxmuş xəstələrin müalicəsi üçün ixtisaslaşdırılır və 2000 əlavə çarpayı imkanı yaradır. Bu da yoluxmaların sayının artacağı təqdirdə koronavirusdan əziyyət çəkən insanların müalicəsinə imkan verəcək. Yəni, qeyd etmək istəyirəm ki, ölkə başçısının yürütdüyü düşünülmüş siyasət ölkəmizin qarşılaşacağı hər bir fövqəladə halda vətəndaşların sağlamlıqlarının qorunub saxlanmasına, sosial rifahının yaxşlaşmasına imkan verir”.

Deputat vurğulayıb ki, son günlər koronavirus infeksiyasının geniş yayılmağa başlaması yenidən sərt karantin rejiminin tətbiqini aktuallaşdırdı:

“Yenidən məhdudiyyətlər tətbiq olundu, icazəsiz küçəyə çıxmaq qadağan olundu. Karantin rejiminin sərtləşdirilməsinin yeganə məqsədi koronavirusun yoluxma zəncirində qırılmaya nail olmaq və insanların sağlamlıqlarının qorunmasıdır. Biz martın 24-dən aprelin 20-dək birinci sərt karantin rejimini tətbiq etmişdik. Nəticələri də göz qabağında idi, gündəlik yoluxmaların sayı sağalanların sayından az idi.

Amma karantin rejimində tətbiq olunan yumşalmalar insanlar arasında təması artırdı. Sərt karantin rejimində həyata keçirilən yumşalmalar o demək deyildi ki, koronavirus ölkəmizdə bitib. Rejim yumşalsa da karantinin əsas tələbləri olan tibbi maskaların taxılması, sosial məsafənin gözlənilməsi və dezinfeksiyaedici vasitələrdən istifadə olunması hamı tərəfindən icra olunmalı idi.

Təəssüf ki, bəzi vətəndaşlarımızın bu tələblərə laqeyd yanaşması vəziyyəti yenidən gərginləşdirdi və yenidən infeksiyanın yayılma sürətinin artmasına gətirib çıxardı. Dövlət başçısı hər zaman qeyd edir ki, bizim üçün əsas məqsəd vətəndaşlarımızın sağlamlığnın qorunmasıdır. Ona görə də Operativ Qərargah vəziyyəti təhlil edərək yenidən 14 günlük sərt karantin rejiminin tətbiqini zəruri hesab etdi.

Koronavirus infeksiyasının yayılma sürətinin artması, infeksiyadan əziyyət çəkənlər və dünyasını dəyişənlər gözümüzün önündə baş versə də nədənsə insanlarda loyallıq və məsuliyyətsizlik davam edir. Tibbi maskanı ancaq nəzarətlə rastlaşanda taxırıq. Digər vaxtlarda ya qolumuzda və ya da çənəmizdə olur. Hələ də anlaya bilmirik ki, infeksiya gözəgörünməzdir və nəfəs yolları vastəsilə orqanizmə daxil olur və biz ağzımızı və burnumuzu mütləq şəkildə bağlamalıyıq.

Biz dərk edə bilmirik ki, öz məsuliyyətsizliyimizlə ölkənin milli təhlükəsizliyinə xələl gətirmiş oluruq. İnsanların maarifləndirilməsi istiqamətində dövlətimiz kifayət qədər təbliğat və təşviqat işləri apardı. Amma təəssüf ki, biz bunu ciddi qəbul etmirik. Ona görə də qanunun və nəzarətin daha da sərtləşdirməsi zərurəti meydana çıxır. Başa düşməliyik ki, dövlət bizim öz sağlamlığımız naminə cəriməni tətbiq edir. Əgər cərimə olunmaq istəmiriksə, çox da böyük əmək tələb olunmayan tibbi maskadan istifadə edək. Axı bu, özümüz və doğmalarımız üçün vacibdir. Həm də ictimai qınaq məsələsi gündəmə gəlməlidir. Əgər qapalı ictimai yerdə kimsə tibbi maskadan istifadə etmirsə, biz ona iradımızı bildirməliyik, çalışmalıyıq ki, o şəxs özü-özündən utanaraq tibbi maskanı taxsın. Axı biz görürük ki, Prezident və Birinci vitse-prezident də tibbi maska taxır. Biz ölkə başçısından nümunə götürməliyik və tibbi maska ilə həyatımızı davam etdirməyə öyrəşməliyik”.